Yuxarı

Prezident İlham Əliyev Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib

Uzunluğu 24,7 kilometr olan yol yatağının eni 12 metrə çatdırılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib.

“Report”un xəbərinə görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun tikintisi layihəsi barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, yenidənqurma işləri çərçivəsində uzunluğu 24,7 kilometr olan yol yatağının eni 12 metrə çatdırılıb. Yol yarım metr enində bərkidici zolaqlar da daxil olmaqla, 8 metr enində hərəkət hissəsindən və 2 metr enində çiyinlərdən ibarətdir. Ümumilikdə 200 min kvadratmetr sahəyə 2 qat asfalt-beton örtüyü döşənib. Yenidənqurma zamanı yağış sularının axıdılması üçün 57 suötürücü boru tikilib, mövcud borular və su keçidləri bərpa olunub. İmamqulukənd və Köhnə Xudat kəndləri ərazisində 1 kilometr uzunluğunda beton küvetlər və 500 metr uzunluğunda beton arxlar tikilib, həmin kəndlərin giriş hissəsində sürüşmələrin qarşısını almaq məqsədilə 200 metrdən çox istinad divarları inşa edilib. Piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 5 min poqonmetr uzunluğunda, 1,5 metr enində yeni səkilər tikilib. Bundan başqa, İmamqulukənd kanalı üzərində 9,6 metr uzunluğunda və 4 metr enində yeni körpü, Gündüzqala kənd körpüsündə isə 184 metr uzunluğunda sutənzimləyici qurğular quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədilə zəruri yerlərdə 980 yol təhlükəsizlik dirəyi, 197 müxtəlif yol nişanları və 24 göstərici lövhə quraşdırılıb, piyada zolaqları və 61 min 750 metr üfüqi nişanlama xətləri çəkilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Bu yolun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub. Beləliklə, bu yolun istifadəyə verilməsi ilə nəinki Qusarın, eləcə də regionun iqtisadi potensialı daha da artır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi