Yuxarı

Gələn il üçün də 7-8 min hektar torpağın yaxşılaşdırılıb istifadəyə verilməsi gözlənilir

Samur-Abşeron kompleksinin bir hissəsi artıq təhvil verilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Növbəti il üçün yarımçıq qalmış layihələrin davam etdirilməsi nəzərədə tutulur. "Report"un verdiyi xəbərə görə, bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə bildirib. 

O qeyd edib ki, çox nəhəng layihə olan Samur-Abşeron kompleksinin bir hissəsi artıq təhvil verilib, növbəti ildə onun tamamlanması üçün işlər davam etdiriləcək: "Bu layihə çərçivəsində nəhəng su anbarı tikib istifadəyə verdik. Həmçinin bir neçə kanallar da çəkdik. Gələn il isə daha münbit torpaqların istifadəyə verilməsi üçün işlər davam etdiriləcək. Su mənbəyindən yeni suvarılan torpaqların istifadəyə verilməsi və suvarılan torpaqların su təchizatının yaxşılaşdırılması layihəsinə başlanılıb və gələn il də davam etdiriləcək. Biz ilin sonuna qədər Siyəzən və Xızı rayonlarında 8 min hektar münbit torpaq təhvil verəcəyik. Gələn il üçün də 7-8 min hektar torpağın yaxşılaşdırılıb istifadəyə verilməsi gözlənilir. Bu layihələr üçün Dövlət Neft Fondundan vəsait ayrılıb. Növbəti il üçün Dövlət Neft Fondundan bu layihələrinin icrasına 90 mln. manat ayrılması planlaşdırılır".

O, beynəlxalq maliyyə qurumlarından Dünya Bankı ilə işlədiklərini deyib. Ə.Əhmədzadə qeyd edib ki, Dünya Bankı kimi bir sıra maliyyə qurumları da cəmiyyətlə işləməkdə maraqlıdırlar.

Bu il 300 artezian quyusunun təhvil verildiyini deyən Ə.Əhmədzadə növbəti ildə də 150-dən çox artezian quyusunun qazılıb təhvil verilməsini nəzərdə tutduqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi