​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Samuxda vətəndaşları qəbul edib

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Samuxda vətəndaşları qəbul edib Qəbulda Samux, Gəncə, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb
İnfrastruktur
14 Mart , 2016 19:08
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Samuxda vətəndaşları qəbul edib

Bakı. 14 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov martın 14-də Samuxda vətəndaşları qəbul edib. “Report” Komitənin mətbuat xidmətinə istinadən bildirir ki, K.Həsənov qəbulda Samux, Gəncə, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Qəbul zamanı 70-ə yaxın vətəndaş iştirak edib, komitə sədri onların müraciətlərini dinləyib və həlli istiqamətində zəruri tapşırıqlarını verib.Müraciətlərin sırasında mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına köməklik göstərilməsi, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi barədə də müraciətlər səsləndirilib.

Eyni zamanda, bir neçə vətəndaş pay torpaqlarına, kənd təsərrüfatı təyinatlı torpaqlara çıxarış alınması ilə bağlı müraciətlərini bildirib. Bir sıra müraciət isə vaxtilə vətəndaşlara ayrılan torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi və təyinatı üzrə istifadəsi məsələlərinə aid olub. Bununla belə, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.

Torpaq məsələlərinə toxunan komitə sədri müvafiq qanunvericiliyə əsasən torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsinin zəruriliyini vurğulayıb: “Torpaqların elektron uçotu ilə bağlı dövlət başçısının imzaladığı Fərmanın məqsədi torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq, ondan daha səmərəli istifadəni təmin etməkdir. 2020-ci ilədək respublikanın bütün torpaqlarının elektron kadastr uçotu sisteminin yaradılması tapşırığı verilib. Bu istiqamətdə artıq komitə tərəfindən işlər aparılır, Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılmaqdadır”.

K.Həsənov Komitənin struktur və qurum rəhbərlərinə vətəndaş müraciətlərinə həssas yanaşılması, qanunvericiliyə əsasən cavablandırılması, onlara göstərilən xidmətlərdə operativlik və şəffaflığın təmin olunması barədə tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi