Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər il 25 iyun Azərbaycanda Dənizçi Günü peşə bayramı kimi qeyd olunur.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) kollektivləri bu il də peşə bayramını birgə qeyd ediblər.
Peşə bayramı günündə Azərbaycanın dəniz nəqliyyatı işçiləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.
Daha sonra dənizçilərin peşə bayramı münasibətilə tədbir keçirilib.
Azərbaycanın himni ilə başlayan mərasimdə AXDG QSC-nin sədri Rauf Vəliyev dənizçiləri peşə bayramı münasibəti ilə təbrik edib. Daha sonra son beş illik fəaliyyətlə bağlı hesabat verən Rauf Vəliyev bu müddətdə aparılan islahatlardan, görülən işlərdən danışıb. Gəmiçiliyin rəhbərliyi bildirib ki, AXDG qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və Xəzərdənkənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, gəmiçilik sahəsində yüksəkixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədir. Bu istiqamətdə artıq xeyli iş görülüb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldığı gündən köklü islahatlar və struktur dəyişiklikləri aparılıb, maliyyə hesabatlarının hazırlanması üzrə beynəlxalq standartlara uyğun qaydada gəmiçilikdə SAP sisteminin modulları tətbiq edilib, Mərkəzi Dispetçer Sistemi, Elektron Təchizat Sistemi, Vahid korporativ kompüter şəbəkəsi yaradılıb. Eyni zamanda gəmilərin sahillə rabitəsinin optimallaşdırılması üçün tədbirlər görülüb, gəmilərdə elektron xəritələr tətbiq olunub.
Rauf Vəliyev gəmiçilikdə gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, Xəzərdənkənar fəaliyyətin bərpası və donanmaların yenilənməsindən ətraflı söhbət açıb. Bildirib ki, son beş ildə AXDG-nin donanmasına 20-dən çox gəmi daxil edilib. Onlar həm ticarət gəmiləri, həm də neft-qaz layihələrində iştirak edən müasir tipli gəmilərdir. Xəzərdən kənarda fəaliyyətin bərpasına toxunan Rauf Vəliyev bu sahədə də nəzərəçarpacaq addımların atıldığını vurğulayıb. Qeyd edib ki, sözügedən beş il müddətində gəmiçiliyin Qara və Aralıq dənizi regionunda 13 gəmisi istismara verilib. Gəmiçiliyin uzunmüddətli hədəflərinə beynəlxalq yükdaşıma bazarlarında tanınan iştirakçılardan birinə çevrilməsi ilə yanaşı, sərbəst fəaliyyət göstərən, səhmdara dividend gətirən kommersiya təşkilatına çevrilməsi də aiddir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qarşıdakı 10 il ərzində 72 gəmi almağı planlaşdırır. bu hədəfin reallaşdırılması üçün 1,5 milyard dollarlıq investisiya paketi hazırlanıb, hazırda müzakirə edilir. Bu maliyyənin bir hissəsinin AXDG, bir hissəsinin də dövlət hesabına ödənilməsi nəzərdə tutulur. AXDG 4 il müddətində davamlı olaraq öz mənfəətini artıran şirkətdir. Gəmiçiliyin mənfəətlilik dərəcəsi 20 faizdən yuxarıdır və 2015-ci ildən 2017-ci ilə kimi şirkətin kapitallaşması 310 milyon manat artıb. QSC 1 milyard manata yaxın dəyəri olan şirkətdir və son 4 ildə 473 milyon manat kapital qoyuluşu edib. Bu kapital qoyuluşunun 99 faizini öz qazancı hesabına həyata keçirib”, - deyə R.Vəliyev vurğulayıb.
Bu istiqamətdə genişmiqyaslı layihələrin bundan sonra da davam edəcəyini deyən QSC sədri əlavə edib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilk növbədə dəniz nəqliyyatı sahəsində dövlətimizin dəstəyinə, xüsusilə də Prezident İlham Əliyevin daimi diqqətinə güvənir.
Dənizçiləri bayram münasibətilə təbrik edən Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bildirib ki, Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
SSRİ dağıldığı zaman bir çox ölkələrin donanmaları israf olunsa da, Azərbaycanda bu sahə məhz dövlətçiliyimizin banisi ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanılıb, dəniz nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin uzaqğörən siyasətinin, dövlətçilik ideyalarının davamı olaraq genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatında da həyata keçirilməkdədir. Ümumiyyətlə hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi, dəniz nəqliyyatı sahəsində təhlükəsizliyin artırılması və dəniz mühitinin qorunub saxlanması Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir.
Dövlət Dəniz Agentliyinin BMT–nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlarla birgə fəaliyyətinə toxunan Qüdrət Qurbanov bildirib ki, respublikada iqtisadiyyatın dinamik inkişafı dəniz nəqliyyatı sahəsindən də yan keçməyib və bu sahəyə Prezidentin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq görülən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdə təhlükəsizliyin təmin olunması, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyaların tələblərinə ciddi riayət olunması təmin edilib.
Tədbir iştirakçılarını bir daha təbrik edən Q.Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dəniz nəqliyyatı sahəsinin daha da inkişaf etdirilməsi istiqamətində dənizçilərin fədakar əməklərini əsirgəməyəcəklərinə əminliyini ifadə edib.
Mərasimdə çıxış edən digər qonaqlar son illərdə dəniz nəqliyyatının inkişafında müşahidə edilən müsbət dəyişikliklərdən və tendensiyalardan danışıblar.
Milli Məclisin İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə çıxışında 160 illik tarixi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bu gün fəaliyyətini müasir standartlara cavab verən bir şirkət kimi davam etdirməsinin qürurverici olduğunu bildirib. Millət vəkili qeyd edib ki, gəmiçilik Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verir.
Çıxışlardan sonra əməkdə fərqlənənlərə “Dənizçi günü” münasibətilə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanları təqdim olunub.
Həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də 2017-ci ilin yekunlarına görə, “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı bosman”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərə diplomlar verilib.
Daha sonra dənizçilərə həsr olunan “Dənizçilər var olsun!” mahnısı ifa olunub. Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi mahnının sözlərinin müəllifi Zəminə Xınalı, bəstəkarı isə Faiq Sücəddinovdur.
Tədbirin sonunda “Dənizçi günü” peşə bayramı ilə əlaqədar Prezident İlham Əliyevə dəniz nəqliyyatı işçiləri adından müraciət qəbul olunub.