Yuxarı

Budapeştdə Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək

Yaxın günlərdə WIZZ Air aviaşirkəti Budapeşt-Bakı marşrutu ilə aviareysləri bərpa edəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti, beşinci iclasının keçirilməsi ilə əlaqədar Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Komissiyanın həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Budapeştə yola düşüb.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfərin ilk günü Macarıstan Xarici İşlər və Xarici Ticarət Nazirliyində ölkənin xarici işlər və ticarət naziri, Komissiyanın Macarıstan tərəfdən həmsədri olan Piter Siyyarto ilə görüş keçirilib. 

Görüşdə ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfərindən sonra qarşılıqlı iqtisadi əlaqələr sahəsində həyata keçirilən layihələr və yeni əməkdaşlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb. Ş.Mustafayev Azərbaycan prezidentinin göstərişi ilə Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirən "WIZZ Air" aviaşirkətinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyini bildirib.

P.Siyyarto öz növbəsində Azərbaycanın beynəlxalq nüfuzunun artması, regionda Avropa İttifaqının etibarlı tərəfdaşına çevrilməsinin Macarıstanda böyük məmnunluqla qarşılandığını qeyd edib.

Macarıstan Milli İqtisadiyyat Nazirliyində nazir Mihal Varqa ilə keçirilən görüş zamanı isə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Bu gün Macarıstan paytaxtında iki ölkə rəsmilərinin iştirakı ilə Hökumətlərarası Komissiyanın iclası, habelə biznes dairələrin nümayəndələrinin görüşü keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi