Yuxarı

​"Azəryolservis" Yusif Səfərov küçəsində yaranan tıxacın səbəbini açıqlayıb

Yol təsərrüfat orqanı yaranmış problemdən çıxış yolu təklif edir

Bakı. 1 aprel. REPORT.AZ/ Bakı şəhərində Nizami küçəsinin davamı olaraq Keykab Səfərəliyeva küçəsi ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər olan hissənin yenidən qurulmasında məqsəd Y.Səfərov küçəsindən, eyni zamanda, Cavanşir körpüsünün yanından K.Səfərəliyeva küçəsinə, o cümlədən Nizami və K.Səfərəliyeva küçələrindən Cavanşir körpüsü istiqamətinə çıxışı təmin etmək olub.

Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən Y.Səfərov küçəsində yaranmış tıxacın səbəbi haqda verilmiş açıqlamada qeyd olunub.

Belə ki, Cavanşır körpüsü istiqamətindən və K.Səfərəliyeva küçəsindən həmin ərazidə olan dəmir yolu xəttinə qədər hərəkət etmək mümkün olub. Dəmir yolu xəttinin yanından Y.Səfərov küçəsinə hərəkət mümkün deyildi. Çünki həmin ərazidə "giriş qadağandır" nişanı quraşdırılıb: "Səbəb Yusif Səfərov küçəsinin yükünü şəhərə yönəltmək idi. Artıq bir neçə vaxtdır vəziyyət dəyişib. Girişi qadağan edən nişan ərazidən götürülərək şəhərin bütün yükü Yusif Səfərov küçəsinə yönəldilib. Bununla da həm Nizami küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində, eyni zamanda, Yusif Səfərov küçəsində vəziyyət acınacaqlı duruma düşür. Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri tıxac bir tərəfə, qəza şəraiti ilə rastlaşırlar. Buna görə də mövcud vəziyyəti əvvəlki vəziyyətə qaytarmaq zərurəti yaranıb. Həmin ərazidən Yusif Səfərova girişi qadağan edən nişanın quraşdırılmasına, Yusif Səfərov küçəsindən Nizami küçəsinə girişi qadağan edən nişanın götürülməsinə böyük ehtiyac var. Yaranmış vəziyyətdən çıxış yolu ancaq budur. Əgər həmin ərazidə müvafiq tədbir görülməsə, Yusif Səfərov küçəsindəki tıxacı aradan qaldırmaq mümkün olmayacaq".

Nizami küçəsi hazırda demək olar nəqliyyatın hərəkəti deyil, avtomobillərin park edilməsi üçün istifadə edilir.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi