Azərbaycanla Niderland arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir

Azərbaycanla Niderland arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir Mayın 15-də Niderlandın Apeldorn şəhərində Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) nümayəndə heyəti ilə bu Avropa ölkəsinin Kadastr, Daşınmaz Əmlakın Qeydiyyatı və Xəritəçəkmə Agentliyinin əməkdaşları arasında işgüzar görüş keçirilib.
İnfrastruktur
16 May , 2019 14:26
Azərbaycanla Niderland arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir

Mayın 15-də Niderlandın Apeldorn şəhərində Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) nümayəndə heyəti ilə bu Avropa ölkəsinin Kadastr, Daşınmaz Əmlakın Qeydiyyatı və Xəritəçəkmə Agentliyinin əməkdaşları arasında işgüzar görüş keçirilib. 

"Report" bu barədə ƏMDK-ya istinadən xəbər verir. 

Məlumata görə, görüşdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avropa ölkələri arasında qabaqcıl hesab edilən Niderland təcrübəsi ilə yaxından tanışlıq baş tutub. 

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq Elektron Hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan biri də ölkə prezidentinin 28 dekabr 2018-ci il tarixli fərmanına əsasən milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin edilməsidir. Bu baxımdan, ikitərəfli əməkdaşlıq çərçivəsində görüş zamanı Azərbaycanın və Niderlandın daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemlərinin günün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məsələləri müzakirə edilmiş, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Gorüşdə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar qarşı tərəfi təmsil edən nümayəndə heyətinin nəzərinə çatdırılıb. Komitə sədri Kərəm Həsənov bildirib ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycanda əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-dan çox xidmətin elektron formada göstərildiyini qeyd edib. 

Görüş çərçivəsində qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilib və gələcək perspektivlər müəyyən olunub. Bu baxımdan, daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı qurumlar arasında əməkdaşlıq hədəfləri müəyyənləşdirilib. 

Görüşdə Azərbaycanın Niderlanddakı səfirliyi də təmsil olunub.

Son xəbərlər

Orphus sistemi