Yuxarı

Azərbaycana Avstraliyadan yeni gəmi gətiriləcək

150 nəfərlik heyət üçün nəzərdə tutulan gəminin sürəti 30 mil/saatdır

Bakı. 22 iyun. REPORT.AZ/ Avstraliyanın qərbində Azərbaycanın "Caspian Marine Services" (CMS) gəmi təmiri və texniki baxışı həyata keçirən şirkətinin sifarişi ilə hazırlanan 70 metrlik katamaran tipli gəmi suya buraxılıb. "Rəşid Behbudov" adı verilən gəminin suya buraxılmasını Avstraliyanın "Austal Limited" şirkəti həyata keçirib.

"Report"un "Caspian Marine Services"dən əldə etdiyi məlumata görə, gəminin tikintisinə dair müqavilə 2015-ci ilin iyununda imzalanıb. Tikinti işləri 2015-ci ilin oktyabrnda paralel olaraq iki tərsanədə aparılıb. Gəminin ön gövdəsi Balamban (Filippin) tərsanəsində, gəminin arxa avalı və üst qatı isə Avstraliyada hazırlanıb.

Qeyd edilib ki, gəmi "Incat Crowther" şirkətinin layihəsi əsasında hazırlanıb. Gəminin 2016-cı ilin noyabrında Bakıya çatdırılması planlaşdırılır.

"Rəşid Behbudov" dəniz qurğularına xidmət edəcək 150 nəfərlik heyət üçün nəzərdə tutulub. Maksimal sürəti 30 dənizi mil/saat (1 mil - 1,852 km) ola bilər. Gəminin göyərtəsində sahəsi 400 kv. metr təşkil edən döşəmə, habelə heyətin gəmidən dəniz qurğularına çatdırılması üçün "Ampelmann" tipli platforma qurulub.

Xatırladaq ki, "Caspian Marine Services" şirkətinin sifarişi ilə 2014-cü ildə "Müslim Maqomayev" adı verilən sürətli katamaran tipli gəmi istismara verilib. Gəmi Avstraliyanın Tasmaniya adasında "Incat Tasmania" şirkətinin "Derwent Park Hobart" tərsanəsində inşa edilib. Bu gəminin müəllifi də "Incat Crowther" şirkəti olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi