Yuxarı
    Bağlamaq

    Azərbaycan yaxın vaxtlarda azad ticarət zonasının yaradılmasına xarici şirkət cəlb edəcək

    Müvafiq məsələ ilə bağlı İşçi Qrupunun ilk iclası keçirilib

    Bakı. 10 iyun. REPORT.AZ  Bu gün Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası (ATZ) tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təsis olunan İşçi Qrupunun ilk iclası keçirilib. 

    Bakı Limanından "Report"a daxil olan xəbərə göə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru və İşçi Qrupunun rəhbəri Taleh Ziyadovun sədrliyi ilə keçirilən iclasda xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, Ələt qəsəbəsində ATZ-nin yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də ATZ-də həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərin hazırlanmasi istiqamətində aparılan işlər müzakirə olunub.

    İşçi Qrupunun üzvlərinə bildirilib ki, ATZ-nin planlaşdırılması və idarə olunması sahəsində ixtisaslaşan xarici şirkətlə danışıqlar aparılıb və yaxın zamanlarda həmin şirkət ATZ-nin yaradılmasına cəlb olunacaq.

    “Ələt qəsəbəsində ATZ-nin yaradılması ilə bağlı prezidentin sərəncamından irəli gələn tapşırıqların vaxtında icra olunması Ələtdəki Yeni Bakı Limanının Avrasiya məkanında nəqliyyat və logistika mərkəzinə çevirilməsini təmin edəcək. Hazırda İşçi Qrupuna daxil olan 10-dan artıq nazirlik, komitə, agentlik və cəmiyyət rəsmiləri bu prosesin səmərəli qurulması üçün töhfə verirlər,” - deyə T.Ziyadov bildirib.

    İclasda İqtisadiyyat, Vergilər, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər, Maliyyə, Ədliyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, o cümlədən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.

    Xatırladaq ki, Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında ATZ-nin yaradılması ilə nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır.

    Bu ilin payız sessiyasında ATZ ilə bağlı qanun layihəsinin Milli Məclisdə müzakirə olunacağı nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi