Azərbaycan və İran Şimal-Cənub dəmir yolu layihəsini müzakirə edəcək

Azərbaycan və İran Şimal-Cənub dəmir yolu layihəsini müzakirə edəcək Görüşdə iki ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulur
İnfrastruktur
2 Oktyabr , 2015 11:38
Azərbaycan və İran Şimal-Cənub dəmir yolu layihəsini müzakirə edəcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ Oktyabrın 9-10-da Azərbaycanın Lənkəran və Astara, İranın Astara şəhərlərində Şimal-Cənub beynəlxalq dəmir yolu layihəsi ilə bağlı görüşlər keçirilməsi planlaşdırılır. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, danışıqlar zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin gedişi, hər iki tərəfdən əlaqələndirilmiş işin təşkili, yaradılacaq infrastruktur barədə müzakirələr aparılacaq, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxış keçiriləcək.

Görüşlərdə Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri ilə yanaşı, Xarici İşlər və Nəqliyyat nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC, İran tərəfindən isə aidiyyəti qurumların yüksək vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti avqustun 3-4-də İranda səfərdə olub. Səfər çərçivəsində keçirilmiş görüşlərdə bir sıra sahələrə dair geniş fikir mübadiləsi aparılıb, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində müzakirələr üçün Hökumətlərarası Komissiya həmsədrlərinin rəhbərliyi ilə Azərbaycan və İran nümayəndə heyətlərinin görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi