Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və İran nümayəndə heyətləri Astarada görüşüb

    Görüşdə bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb

    Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilib. Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə keçirilmiş görüşdə iki ölkə tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

    Görüşdə Azərbaycan və İran arasındakı iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlərə dair müzakirələr aparılıb.

    Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin və keçirdikləri görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, 2014-cü ildən sonra hər iki ölkə arasında 60-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 30-dan çox sənəd imzalanıb, Dövlət Komissiyasının iki iclası və bir sıra görüşlər təşkil olunub. Dövlət başçılarının son iki ildə 6, son iki ayda isə 2 görüşü keçirilib.

    “Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53% artıb. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir”, - deyə Ş.Mustafayev qeyd edib.

    Ş.Mustafayevin sözlərinə görə, 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşması nəzərdə tutulur: "Nəqliyyat, kənd təsərrüfatı, sənaye, əczaçılıq, səhiyyə, turizm, ikitərəfli və tranzit yükdaşımalarının artırılması, İranın "Şərq-Qərb" dəhlizinə qoşulması, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yoluna birləşdirilməsi, Azərbaycanın sənaye parklarında İran investorlarının iştirakı, aqroparklarda əməkdaşlıq, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, İran şirkətlərinin Aktau Logistika Mərkəzindən istifadəsi və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur".

    Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşündən sonra iqtisadiyyat naziri Ş.Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri M.Vaezi KİV nümayəndələrinin suallarını cavablandırıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi