Yuxarı

​AZAL aviabiletlərin qiymətinin endirilməsi məsələsinə aydınlıq gətirib

Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər

Bakı. 27 iyul. REPORT.AZ/ “ Azərbaycan Hava Yolları” QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib. 

"Report"un məlumatına görə, AZAL-ın yaydığı məlumatda qeyd olunur ki, aviabiletlərin qiymətləri ilə bağlı şirkətin məlumat bürolarına çoxsaylı müraciətlər daxil olur. Bu məsələyə böyük marağın olmasını nəzərə alaraq, AZAL aviabiletlərin qiymətləri ilə bağlı yenilikləri bir daha əhalinin diqqətinə çatdırır.

Məlumatda qeyd olunur ki, Dövlət başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunmasına qərar verilib. Bu, AZAL-ın əhalinin daha çox istifadə etdiyi marşrutları üzrə aşağıdakı şəkildə öz əksini tapıb:

- Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya (85 avro və ya 21% ucuz),

- Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya (58 avro və ya 21% ucuz),

- Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya (56 avro və ya 21% ucuz) endiriləcəkdir.

Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro (22%), Bakı-Lvov-Bakı üzrə 141 avro (30%), Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro (23%), Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro (21%) və s. endirim tətbiq olunacaqdır.

Ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırılaraq, biznes-klassdan başqa digər bütün yerlərin 30%-dən az deyil və təyyarənin tipindən asılı olaraq, 32-61 arasında dəyişir. Məsələn, Bakıdan Tehrana, Aktauya, Kazana və s. uçan təyyarələrdə ən aşağı qiymət sinfi üzrə yerlərin sayı 32-dirsə, Pekin, London, Sankt-Peterburq, Moskva, Antaliya, Bodrum, İzmir və Dalamanda 48, İstanbul reysində 53, Nyu-York reysində isə 61-dir və s.

Bundan başqa, AZAL daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xəttləri (“lou-kost”) təcrübəsinin tətbiqinə başlamışdır. Belə ki, bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.

Yeni reyslərin başlama tarixinin müxtəlif olması aviaxətlərə xidmət göstərilməsi üçün xarici hava limanları ilə müqavilələrin imzalanması və uçuş icazələrinin alınması ilə əlaqədardır.

Standart “lou-kost” modelindən fərqli olaraq AZAL-ın “lou-kost” xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstəriləcək və təyyarənin salonunda yer seçimi üçün əlavə ödəniş alınmayacaq. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, bu təyyarənin salonundakı bütün yerlər eyni rahatlığa malikdir.

Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu isə o deməkdir ki, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcəkdir. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.

AZAL-ın bütün reyslərinə biletləri on-line rejimində ( www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkün olacaq. Bu isə sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.

Qeyd edək ki, Bakı-Antalya aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda başlanılmışdır və iki gün ərzində 7 avqust reysinə bütün biletlər satılmışdır.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, aviaxidmətlərdən istifadə etmək istəyənlər üçün geniş seçim imkanları yaradılmışdır.

Bundan başqa, AZAL-ın əksər marşrutları üzrə Turkish Airlines, Aeroflot, Sibir, Flydubai, Ukrayna Beynəlxalq Hava Yolları, Qatar Airways, Air Astana, British Airways, Lufthansa, Belavia və digər rəqib xarici aviaşirkətlər uçuşlar həyata keçirir. Heydər Əliyev Hava Limanında bütün aviaşirkətlər üçün, eləcə də lou-kosterlər üçün bərabər imkanlar yaradılmışdır. Macarıstanın “WizzAir” şirkətinə gəldikdə, onlara cari ildən mütəmadi reyslərin bərpası üçün 3 il müddətinə xüsusi, güzəştli şərtlər təklif edilmişdir. Hazırda Macarıstan tərəfinin cavabı gözlənilir.

Bundan başqa, Azərbaycanın bütün hava limanlarında xarici şirkətlər tərəfindən 3-cü ölkələrə (tranzit) uçuşların həyata keçirilməsi üçün imkan yaradılmışdır.

Daha aydın müqayisə üçün AZAL-ın beynəlxalq uçuşları üzrə aviabiletlərinin yeni qiymətləri barədə ətraflı məlumat aşağıda verilmiş cədvəldə göstərilmişdir.

"Azərbaycan Hava Yolları"-nın reyslərinə biletlərin ən aşağı qiymətləri

marşrut, hər iki istiqamətə hazırda dəyişiklik-dən sonra azalma, avro azalma, %
1 Antalya 436 350 86 20%
2 Bodrum 436 350 86 20%
3 İzmir 436 350 86 20%
4 Dalaman 436 350 86 20%
5 Ankara 366 278 88 24%
6 İstanbul 277 219 58 21%
7 Moskva 406 321 85 21%
8 Dubay 272 216 56 21%
9 Kiyev 352 256 96 27%
10 Roma 509 397 112 22%
11 Tbilisi 183 147 36 20%
12 Aktau 222 172 50 23%
13 Lvov 478 337 141 30%
14 Mineralnıye Vodı 239 185 54 23%
15 Sankt-Peterburq 403 307 96 24%
16 London 464 366 98 21%
17 Milan 500 388 112 22%
18 Berlin 475 371 104 22%
19 Praqa 503 389 114 23%
20 Nyu York 755 597 158 21%
21 Pekin 505 389 116 23%
22 Tel-Əviv 445 343 102 23%
23 Paris 525 413 112 21%
24 Tehran 236 182 54 23%
25 Rostov-na-Donu 319 247 72 23%
26 Barselona 494 382 112 23%
27 Bişkek 390 296 94 24%
28 Novosibirsk 377 285 92 24%
29 Krasnoyarsk 361 275 86 24%
30 Perm 401 305 96 24%
31 Nijni Novqorod 381 287 94 25%
32 Kazan 316 236 80 25%
33 Yekaterinburq 311 249 62 20%
34 Minsk 372 280 92 25%
Ən ucuz tariflər ekonom-klass yerlərin 30%-ə aiddir.
"Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli reysləri

(“lou-kost”)


marşrut, bir istiqamətə qiymət, avro bir baqaj üçün əlavə ödəniş, avro yerlərin ümumi sayı ekonom-klass yerlərin sayı

Antalya 99 25 105 105
2 İstanbul 99 25 105 105
3 Moskva 99 25 105 105
4 Dubay 99 25 105 105
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi