Yuxarı

"AZALJET" aviareyslərində yeniliklər tətbiq ediləcək

Əl yükünün daşınmasına icazə verilən çəkisi 8 kq-dan 10 kq-a kimi artırılacaq

Bakı. 22 aprel. REPORT.AZ/ Mayın 9-dan etibarən "AZALJET" brendi ilə yerinə yetirilən aviareyslərdə bütün sərnişinlərə pulsuz isti yemək veriləcək. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən “Report”a bildirilib ki, "AZALJET" aviareyslərində qidalanma AZAL-ın klassik reyslərindəki analoji menyudan bir qədər fərqli olacaq. Sərnişinlərinə isti yemək (seçimə görə toyuq və mal əti yeməyi), çörək, şirə, su, çay və ya qəhvə, uçuş səhər yerinə yetirilirsə - səhər yeməyi təklif olunacaq.

Bundan əlavə, sərnişinlərin əvvəlki kimi kassada aviabilet bronlaşdırarkən fərqli və daha yaxşı isti yemək çeşidləri sifariş etmək, eyni zamanda təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı olacaq. Eyni zamanda, mayın 9-dan başlayaraq bütün AZAL və AZALJET aviareyslərində əl yükünün daşınmasına icazə verilən çəkisi 8 kq-dan 10 kq-a kimi artırılacaq. Əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır.

Hazırda "AZALJET" brendi altında daha çox tələb olunan istiqamətlər üzrə reyslər yerinə yetirilir. Bu istiqamətlərə Moskva, İstanbul, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Minvodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir.

"AZALJET"in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayır. Bu məbləğə bütün vergi və yığımlar daxildir. 

Qeyd edək ki, mayın 9-dan etibarən Dubaya uçuşlar AZAL brendi altında yerinə yetiriləcək, buraya tam çeşidli bort qidalanması və baqajın pulsuz daşınması daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi