AZAL Bakı-Moskva marşrutu ilə aşağı büdcəli reyslərə başlayıb

AZAL Bakı-Moskva marşrutu ilə aşağı büdcəli reyslərə başlayıb Bu istiqamət üzrə aviabiletlər bir tərəfə 99 avroya satılacaq
İnfrastruktur
22 Sentyabr , 2015 16:53
AZAL Bakı-Moskva marşrutu ilə aşağı büdcəli reyslərə başlayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) oktyabrın 25-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır.

“Report” aviaşirkətin məlumatına əsasən bildirir ki, AZAL-ın kassalarında və şirkətin saytında bu istiqamət üzrə aviabiletlərin bronlaşdırılması və satışına başlanılıb.

Uçuşlar “Airbus A320” təyyarəsi ilə gündəlik reyslə həyata keçiriləcək. Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) AZAL-ın saytında və aviaşirkətin satış məntəqələrində bir tərəfə 99 avro təşkil edir.

Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (8 kq-dan artıq olmayan) təyyarəyə götürmək isə pulsuzdur. Reys Heydər Əliyev Beynəlxalq Hava Limanının II terminalından saat 15:00-da çıxacaq, yerli vaxtla saat 17:10-da Vnukovo hava limanına çatacaq. Əks istiqamətdə reys Moskvadan saat 18:10-da çıxacaq, yerli vaxtla saat 22:00-da Bakıya çatacaq.

Qeyd edək ki, AZAL-ın kassalarında və şirkətin saytında 99 avroya Bakı-Dubay-Bakı, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı aşağı büdcəli marşrutları üzrə də bilet əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi