Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunacaq

Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunacaq Tədbirdə əməkdar rəssam Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi “XX əsrin faciəsi - Xocalı” adlı rəsm əsərinin təqdimatı keçiriləcək
İncəsənət
19 Fevral , 2016 19:55
Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunacaq

Bakı. 19 fevral. REPORT.AZ/ Fevralın 23-də Prezident Administrasiyası rəhbərinin sərəncamına uyğun olaraq, Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan İstiqlal Muzeyi və Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyi birgə Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil ediləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Tədbirdə Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi “XX əsrin faciəsi - Xocalı” adlı rəsm əsərinin təqdimatı keçiriləcək.

Ə.Heybət 1951-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra Tbilisi Rəssamlıq Akademiyasında, daha sonra isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya oyunlarının bədii tərtibatında iştirak edən rəssam, Moskvada fəaliyyətini davam etdirərək, böyük uğur qazanır. Ə.Heybət çox geniş diapozona malikdir. O, portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, iri həcmli monumental əsərlərin də müəllifidir.

7 il öncə Əşrəf Heybətin yaratdığı “XX əsrin faciəsi- Xocalı” adlı pannonun təqdimatı Berlində baş tutub. Ölçüsü 2,5×1 metr olan triptixdə müəllif Azərbaycan xalqına qarşı soyqırımın bütövlükdə bəşəriyyətə yönələn cinayət xarakterini açmağa müvəffəq olmuşdur. Bədii obrazlar vasitəsilə faciənin bütün dəhşətlərinin əks olunduğu əsərdə əsasən sənətkar parlaq qırmızı, qatı qara rənglərdən və xəttlərdən istifadə edib.

2008-ci ildə Ə.Heybət 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar - Bakı” pannosu, 2016-cı ildə isə Xocalı faciəsinə həsr olunmuş diptixi Azərbaycan İstiqlal Muzeyinə hədiyyə verib.

Əşrəf Heybət Rusiya Federasiya Rəssamlıq Akademiyasının həqiqi, bu ölkənin Rəssamlar İttifaqının, UNESCO-nun Rəssamlar Federasiyasının, Almaniya Rəssamlar Birliyini üzvü, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.

Milli Məclisin üzvləri, elm xadimləri, Respublikamızda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqların iştirakı nəzərdə tutulan tədbirdə “Günay Uşaq Teatrı” tərəfindən hazırlanan Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi