Xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək

Xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək Tədbirdə məhrum xalq artistinin Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq
İncəsənət
18 May , 2017 18:01
Xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Akademik Milli Dram Teatrında mayın 19-da görkəmli teatr və kino xadimi, xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, saat 19:00-da başlayacaq tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Xatirə gecəsində M.Sadıqovanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.

Mərasim M.Sadıqovanın xatirəsinə həsr olunan “Nazirin xanımı” tamaşası ilə davam etdiriləcək. 1970-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində Branislav Nuşiçin müəllifi olduğu pyes əsasında görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi “Nazirin xanımı” tamaşasında xalq artisti M.Sadıqova Nata xanım obrazını canlandırıb.

Qeyd edək ki, Məhluqə Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində doğulub. O, Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb.  Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub.

Məhluqə Sadıqova 21 iyul 1949-cu ildə Azərbaycan SSRİ-nin əməkdar artisti və 10 yanvar 1978-ci ildə Azərbaycan SSRİ-nin xalq artisti fəxri adlarına layiq görülüb.

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

Son xəbərlər

Orphus sistemi