Xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyidir

Xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyidir Təntənəli yubiley tədbiri fevralın 17-də Akademik Milli Dram Teatrında olacaq
İncəsənət
13 Fevral , 2016 10:37
Xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyidir

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 13-ü Azərbaycanın xalq artisti, mərhum teatr və kino aktyoru, Əliabbas Qədirovun 70 yaşı tamam olur.

"Report" xəbər verir ki, mərhum sənətkarın 70 illik yubileyinə həsr edilən təntənəli yubiley tədbiri fevralın 17-də Akademik Milli Dram Teatrında keçiriləcək.

Əliabbas Gülabbas oğlu Qədirov 1946-cı il fevralın 13-də Bakıda anadan olub. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağı da burada qətiləşdirib.

O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Aktyor 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru vəzifəsində çalışıb.

2006-cı il martın 8-də 60 yaşında leykemiya xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, bu il aktyorun anadan olmasının 70, dünyadan köçməsinin 10 ili tamam olur.  

Son xəbərlər

Orphus sistemi