Yuxarı

UNESCO-da Azərbaycan şairlərinin yubileyi qeyd ediləcək

Təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinə dair təkliflər qəbul olunub

Bakı. 18 noyabr. REPORT.AZ/ 2016-2017-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinə dair təkliflər qəbul olunub.

"Report" xəbər verir ki, Qazaxıstan, İran və Türkiyənin dəstəyi ilə Azərbaycanın təklifi əsasında böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin (1369-1417) vəfatının 600, Qazaxıstan və Türkiyənin dəstəyi ilə Molla Pənah Vaqifin (1717-1797) 300, eləcə də Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyləri qeyd ediləcək.

Sonuncu yubiley təklifi Almaniyanın dəstəyi ilə Azərbaycan və Gürcüstan tərəfindən birgə təqdim edilib.
Bununla bağlı müvafiq qərar UNESCO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində qəbul olunub.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin qeyd edilməsinin UNESCO-da qəbul olunması Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO yanında daimi nümayəndəliyimizin birgə fəaliyyəti nəticəsində mümkün olub.

UNESCO 1956-cı ildən etibarən görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərini qeyd edir. İndiyədək Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının, “Leyli və Məcnun” operası və “Arşın mal alan” operettasının yubileyləri UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilib.

Qeyd edək ki, təşkilatın 2013-2014-cü illər yubileylər proqramında Məhsəti Gəncəvinin 900, Üzeyir Hacibəylinin “Arşın mal alan” musiqili komediyasının 100, Seyid Yəhya Bakuvinin vəfatının 550, yazıçı-dramaturq İlyas Əfəndiyevin 100 illik yubileylərinə həsr olunmuş tədbirlər yer alıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi