Yuxarı

Türkiyədə "Koroğlu" operasının premyerası keçirilib

Mersin Dövlət Opera və Balet Teatrı Koroğlu operasını səhnəyə qoyub

Bakı. 13 yanvar. REPORT.AZ/ Mersin Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının premyerası keçirilib.

"Report" xəbər verir ki, premyera Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin Dövlət Opera və Balet Teatrı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə baş tutub.

Dahi Üzeyir bəy Hacıbəylinin 130 illik yubileyi münasibətilə Mersin Dövlət Opera və Balet Teatrı "Koroğlu" operasını səhnəyə qoyub. Tamaşanın ilk nümayişi yanvarın 9-da keçirilib. Yanvarın 12-də nümayiş etdirilən tamaşanın dirijoru, Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor, Azərbaycanın xalq artisti Rauf Abdullayev olub.

Qazaxıstan və Qırğızıstanın opera artistlərinin ifasında nümayiş etdirilən tamaşanın rejissoru Əflatun Nemətzadədir.

Tamaşanın nümayişində TÜRKSOY-un baş katibi Düsen Kaseinov və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, "Koroğlu" operasının növbəti nümayişi yanvarın 16-da olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi