Yuxarı

Sumqayıtda rəssam Əşrəf Heybətovun 65 illik yubileyi münasibətilə sərgi keçirilib

Sərgidə rəssamın 47 ədəd rəsm əsəri, 21 ədəd qəzet materialı və 11 ədəd keçirilmiş sərgilərin afişaları nümayiş edilib

Bakı. 14 iyun. REPORT.AZ/ Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun 65 illik yubileyi münasibətilə sərgi keçirilib.

“Report”un məlumatına görə, tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutub. 

“Torpaq və insan” adlı fərdi sərgidə rəssamın 47 ədəd rəsm əsəri, 21 ədəd qəzet materialı və 11 ədəd keçirilmiş sərgilərin afişaları nümayiş olunub.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Sərgidə həmçinin Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Tahir Mirkişili, Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının müavini Teymur Səmədov, xalq şairi Sabir Rüstəmxanlı, xalq artistləri Rasim Balayev, Fəxrəddin Manafov, əməkdar artist Elza Seyidcahan, əməkdar rəssam Vaqif Nəzirli və digərləri çıxış edərək Əşrəf Heybətov haqqında xatirələrini və ürək sözlərini bölüşüb, xoş arzularını çatdırıblar.

Tədbirdə Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbinin skripka sinfinin şagirdlərinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri dinlənib.

Qeyd edək ki, əməkdar rəssam Əşrəf Heybətov YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Hazırda Almaniyada yaşayan rəssam “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir. Onun əsərləri xarici ölkələrin şəxsi kolleksiya və qalereyalarında saxlanır.

2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi