Səhnədə ayağı sındı, içkisinə zəhər qatıldı, ancaq... - "ÖMRÜN PƏRDƏARXASI"

Səhnədə ayağı sındı, içkisinə zəhər qatıldı, ancaq... - "ÖMRÜN PƏRDƏARXASI" Səhnə yolunda sərt, kino ekranında qəddar, hiyləgər obrazlarlarda, şəxsi həyatında isə, sevimli, mehriban insan kimi xatırlanan Məlik Dadaşov
İncəsənət
18 Dekabr , 2014 14:21
Səhnədə ayağı sındı, içkisinə zəhər qatıldı, ancaq... - ÖMRÜN PƏRDƏARXASI

Səhnədə ayağı sındı, içkisinə zəhər qatıldı, ancaq... - "ÖMRÜN PƏRDƏARXASI"

“Həyat tamaşadır”, - deyirlər. Yəni, hamının bu fani dünyada özünün rolu var. Ancaq aktyorlar isə... Onların iki rolu var – həyat və sənət...

O səhnə yolunda sərt, kino ekranında isə qəddar, hiyləgər obrazlarla yaddaşlarda qaldı. Şəxsi həyatında isə, sevimli, mehriban insan kimi xatırlanır.

"ÖMRÜN PƏRDƏARXASI"nda xalq artisti Məlik Dadaşovun qızı Gülnarə Dadaşovadır.

- Gülnarə xanım Sizinlə görüşə gəlməmişdən Məlik Dadaşov haqda bəzi qaynaqlara baş vurdum. Atanızın doğum gününün dəqiq tarixçəsini tapa bilmədim. 1924-cü ildə Bakıda doğulan Məlik Dadaşovun doğum günü nə vaxtdır?

- (Gülür) Bunun ayrıca bir tarixcəsi var. Nə az, nə çox düz 59 il atamın ad gününü iyunun 17-də qeyd etmişik. Bir gün təsadüf nəticəsində doğum haqqında şəhadətnamə lazım oldu, itdiyi üçün atam gedib arxivdən özünün və qardaşının şəhadətnaməsini çıxartdı, beləliklə 60 yaşında özü də, biz də öyrəndik ki, o iyunun 17-si yox, həmin ayın 7-də dünyaya gəlib və nəhayət 60 yaşında doğum gününü məhz doğulduğu gün qeyd etdik.

- Gülnarə xanım siz Məlik Dadaşovun son nigahından olan sonuncu övladısız elə deyilmi?

- Hə elədir. Məlik müəllimlə Dolores xanımın nigahından təkcə mən doğulmuşam. Anamın əvvəlki nigahından olan Cəmilə adlı bacım var. Atam Cəmilə bacımı da, çox istəyirdi. Məlik müəllimin əvvəlki nigahlarından isə 1 oğlu, 2 qızı var. Bir bacım atamın sağlığında rəhmətə getdi. Atam onun ölümündən çox sarsılmışdı. O biri bacım Amerikada yaşayır. Münasibətlərimiz şükür Allaha ki, yaxşıdır. Anamdan əvvəl Məlik müəllimin bir nigahı da olub. Amma, uşaqları olmayıb. Məlik Dadaşovun 44 yaşı olanda mən doğulmuşam. 44 yaşında ata olduğu üçün məni xüsusilə çox istəyirdi.

- Rəfael Dadaşov tək oğuldur. Sizin yeganə qardaşınız. Yəqin yaş ötdükcə biri-birinizə daha çox bağlanırsınız?

- Onu düz deyirsiz. İllər ötür, yaşımızın üstünə yaş gəlir. Rəfael yaşlandıqca onu atam kimi görürəm. Rəfaellə söhbət edəndə hərdən mənə elə gəlir ki, qarşımda ata 

dayanıb. Düzdür, zahirən Rəfael atamıza az oxşayır. Rəfael hündürboyludur. Cizgiləri daha gözəldir. Amma, səsi, hərəkətləri eynilə atamızındır. Rəfael mənə əzizdir, doğmadır. Belə də, olmalıdır. O, atamın yeganə oğlan övladıdır. Mənim qardaşımdır.

- Gülnarə xanım, Məlik müəllim müharibə görüb. Ölüm-itim görən adamlar bir az əsəbi olurlar...

- (Gülür) Özünə sərf edən yerdə əsəbi olurdu. Atam futbol azarkeşi idi. Futbola baxanda əsəbləşib qışqırırdı, təzyiqi qalxırdı. Anam da, o əsəbləşməsin deyə, televiziya proqramlarını götürüb gizlədirdi ki, futbolun nə zaman olacağından xəbəri olmasın. Yazıq kişi bizim əlimizdən hər otağa bir televizor alıb qoymuşdu. Anam deyirdi ki, onsuz da, teatrda, kinoda yorulur. Bir də evdə futbola baxıb əsəbləşməsin. Futbola baxanda sanki heç kimi görmürdü və eşitmirdi.

Müharibədən qayıdandan sonra atam incəsənət universitetinə daxil olub.

Hüseyn Ərəblinskiylə qohumluğumuz bizim nəsli incəsənət sahəsinə yönəltdi. İrsən keçən bu qabiliyyət Salman əmimdə də vardı. Tofiq Quliyevin yaratdığı ilk caz ansablında Salman əmim vokal, atam isə kontrabas ifa edirdi. Atamın güclü hafizəsi var idi. Tofiq müəllim qocalanda elə mahnıları onun yadına salırdı ki, mat qalırdı.

Bir mahnının tarixçəsinindən sizə danışım. 30-cu illərdə atamın eşitdiyi bir mahnı var idi. "Gəmi gələndə verir fitini, asimana gedir onun tütünü" bu mahnını sonralar Brilliant xanımın ifasında eşitmisiz. O mahnını oxumağı atam Brilliant xanıma məsləhət görmüşdü, hətta sözlərini də özü dəyişmişdi.

- Məlik Dadaşov gözəl rəqs də edirdi...

- Peşəkar rəqqas idi. Bir dəfə atam Gürcüstanda kinofestivala getmişdi. Banketdə ləzginka oynayırdılar. Atam rəqs edənlərə baxır, ancaq onların rəqsini bəyənmir. Bıçağı dişlərinin arasına qoyur və çıxır stolun üstünə. Ləzginkanı necə oynayırsa, gürcülər təəccüblə baxıb deyirlər ki, siz əsl ləzginkanı oynadız, bunu necə də gözəl bacarırsız. Atam deyir ki, "mən professional rəqqasam istəsəz sizə ustad dərsi keçə bilərəm".

Atam hətta Əminə Dilbazi ilə də rəqs edib, onlar yaxın dost idi, tez-tez görüşürdülər. Ən maraqlı anlardan biri odur ki, biz nə vaxtsa yolda Əminə xanımla rastlaşsaydıq qıraqda dayanmağa çalışırdıq, çünki atamla Əminə xanım rastlaşanda yolun ortasında başlayırdılar oynamağa (təbəssümlə danışır). Bu insanların kompleksi yox idi. Mənə o dövrün insanlarının təvazökarlığı bu gün də təəccüblü gəlir, indi hansı rəqqas küçədə oynayar?

- Atanıza çox oxşayırsız. “Elə bil, bir almanı iki yerə bölüblər” misalı sizin üçün deyilib.

- Hə, bunu hamı deyir. "Karvan" jurnalı var idi. Orda aktyorları məşhur adamlara oxşadırdılar. Bir dəfə Brilliant xanımın yoldaşı Ədalət mənə dedi ki, "Gulya, gəl, səni keçəl edək, Məlik müəllimin obrazını oyna. Sən eynilə atansan, sən onun obrazını yarada bilərdin, heyif ki, kişi deyilsən".

- Məlik Dadaşov yaraşıqlı, xanımların bəyəndiyi kişiydi. Yəqin ki, onu sevən xanım çox idi...

- (Gülür) Elədir. Xanımlar onu sevirdilər. Amma ona görə yox ki, yaraşıqlıydı. Atam əsl centlemen idi. Qadınlarla çox mədəni rəftar edərdi. Xanıma kobudluq edən kişilərə nifrət edirdi. Bir rəqqasə xanım var idi. İzzət Şıxlinskaya, aktrisa Leyla Şıxlinskayanın xalası. İzzət xanım hər dəfə mənə deyərdi ki, "Sənin atan qəşəng deyil, amma bir kişi kimi çox cazibədardir. Hələ cavanlıqdan bütün xanımların ürəyini ovsunlaya bilib".

- Bir az da, Məlik Dadaşovun ömrünün pərdəarxasından danışaq...

- Atam çox sadəlövh, təmiz, düzgün insan idi. O cavanlara çox dəstək olurdu. Səhnədə nə qədər vahiməli görünürdüsə, həyatda o qədər sadə idi. Atamı çox sevirdim, bəlkə də gec ailə qurmağımın səbəbi də o idi. O, həmişə mənə deyirdi ki, “Sən məni axtarma", ancaq mən bu gün də onu axtarıram. Biz ondan güldən artıq söz eşitməmişik. O ailəsiz heç yerə getmirdi, darıxırdı. Getsə də yarım saat oturardı, deyərdi ki, mən evə gedirəm.

- Akademik Teatrdan getməyinin kökündə ciddi inciklik, narazılıq vardı...

- Hə, atam o dövrdə teatrdan incidi. Tamaşa hazırlamaq istəyirdi. Ona rəhbərlik icazə verməmişdi. Bəzi başqa səbəblər də var idi. Bunların yazılmasını istəmirə

m. Çünki, atama əziyyət verən, onunla yola getməyən insan böyük sənətkar idi. Bu gün hər ikisi dünyadan köçüb. Ona görə də, bəzi adları çəkib, onların ruhlarını incitmək istəmirəm. Amma atamı incidən, onu xəstələndirən adamlardan bəzilərinin adını rahat çəkə bilərəm.

- Gülnarə xanım cəsarət edib soruşacam. Ananızın adı Doloresdir. Milliyətcə kim idi?

- Anamın atası yəni mənim babam təmiz Şəkilidir. Anamın anası isə qarışıq milliyətlidir. Yəni nənəmin bir tərəfi alman, bir tərəfi isə yəhudidir. Ona görə də, qızlara da belə adlar qoyublar. Anamın adı Dolores, xalamın adı isə Nelli idi. Amma, Şəkidə xalama Nailə, anama Dilarə deyirdilər. İndi mənim qızım da, Doloresdir. Oğlumun adı da, Məlikdir.

- Ananız şəkili olduğu üçün, Məlik müəllim Şəki mətbəxini çox sevərdi...

- Həm də necə sevirdi. Atam ümumiyyətlə ləzzətli yeməkləri sevirdi. Bakılı olduğu üçün xəmir xörəklərini xüsusilə xoşlayardı. Hətta dadlı düşbərə-qutab yeyəcəyi yerə qədər piyada getməyə hazır idi. Şirniyyatı xüsusilə çox xoşlayırdı. İstəyirdi ki, mən hər gün ona nəsə şirniyyat hazırlayım. Hər gün evdə tort, pirojna olmalıydı. Olmayanda deyirdi ki, "Qızım bu gün mənə heç nə hazırlamamısan?" Nəsə hazırlayanda da deyirdi ki, "Bu qədər şirniyyatı mənə verməyin. Axı yeyib, kökəlirəm".

- Xüsusi bir xatirəniz varsa çox məmnuniyyətlə dinləyərdik...

- Xatirələr çoxdu. Bir dəfə gecə oyanmışam, yadıma düşüb ki, səhər imtahandı. Tez qaçdım atamın yanına. "Ay Ata, sabah imtahandı yadımdan çıxıb". Soruşdu ki, nə öyrənməlisən. Dedim hər hansı bir rəqs qurmalıyam. Dedi hansı rəqsi oynamaq istəyərdin? Cavabında "Sarı gəlin" dedim (gülür), onu necə oynamaq olar axı. Uşaq olmuşam da, o qədər gözəl rəqs havalarımız var "uzundərə","tərəkəmə" və s. Yerindən qalxıb, dedi ki, "mən etdiklərimi təkrar et, gəl arxamca". Başladı oxuya-oxuya, oynaya-oynaya getməyə, mən də onun arxasınca. Səhəri günü həmin imtahandan beş aldım.

- Atanızın sənətini davam etdirmək arzunuz vardı. Nədən alınmadı?

- Əlbəttə, aktrisa olmağı çox istəyərdim. O zaman Moskvada Batalov kurs yığırdı. Getsəydim, Bakıya qayıtmayacaqdım. Oxuyub orda qalacaqdım. Atam bunu hiss elədi və narazılığını bildirdi. İstəyimə qarşı idi, deyirdi ki, "qadın üçün ən yaxşı sənət pedaqoji sahədir. Get müəllimə ol". Onun bu qərarını çox aqressiv qəbul etmişdim. Sonra o mənim ən zəif yerimi tutdu, dedi ki "Sən köksən sənə ancaq xala, bibi, nənə rolları verəcəklər. Sənə heç vaxt gənc, gözəl sevgili obrazları həvalə etməyəcəklər ".  Onun bu sözlərindən sonra mənim arzularım suya düşdü. Beləliklə, aktrisa olmaqdan vaz keçdim.

- Atanızın oynadığı hansı əsərdə qadın qəhramanı canlandırmaq istəyərdiniz?

- Gənclikdə obraz seçməmişdim, amma məhz bu yaşımda Hamletin anasını canlandırmaq istəyərdim.

- Atanız haqqında film çəkmək istəyirsiz...

- Bəli arzum var, istəyirəm sənədli-bədii film çəkim. Ətrafımda çox istedadlı dostlarım var, filmi onlara həvalə edəcəm. Rejissor gürcüdür, çox istedadlı bir insandır. Filmi atamın uşaqlığından başlayacam, onun çox gözəl uşaqlığı olub. Kinoda onun anasını canlandırmaq istəyirəm. Atamın uşaqlıq obrazını isə oğlum Məlik canlandırsa çox sevinərəm.Filmdə  həyatının bütün dövrlərini əks etdirməyə çalışacam.Doğmaları da olacaq həmin filmdə. Maraqlı bir film alınmalıdır. 2016-cı ildə atamın dünyasını dəyişməsindən 20 il ötəcək. Film həmin vaxta hazır olacaq.

- Atanızın ən yaxın dostları kim olub?

- Atamın dostları çox idi. Sənət aləmindən Səyavuş Aslan, Telman Adıgözəlov, Yaşar Nuri və Mikayıl Mirzə atama yaxın adamlar idi. Bizim evə tez-tez gələrdilər. Qadın aktrisalardan Hökümə Qurbanova və Nəcibə Məlikovanı çox istəyirdi. Amma atamın düşmənləri də çox olub. Onu öz həmkarı teatrda zəhərləmişdi.

- Kim zəhərləmişdi?

- Mən həmin aktyorun adını çəkməyəcəm. O da məhşur aktyor idi. İndi dünyasını dəyişib. Bir dəfə teatrda, atamın konyakının içinə dərman atmışdı. Atamın həmin gecə vəziyyəti pisləşdi. Nə yaxşı ki nənəm bizdəydi. Həkim gələnə qədər atama nə qədər qatıq yedizdirmişdi. Bir neçə təcili yardım gəldi və atamın mədəsini yudular, bir təhər ölümdən xilas etdilər.

- Bəs, nədən bildiz ki, həmin adam zəhərləyib?

- Sonralar, həmin aktyor özü etiraf etmişdi. Atamdan üzr istəmişdi, yalvarmışdı ki, məni bağışla. Atam sonralar onunla dostlaşdı da. Yaxın dost oldular.

 Belə hadisə bir dəfə də, səhnədə yaşanmışdı. Şıxəli Qurbanovun "Sənsiz" tamaşasının premyerası idi. O tamaşadan televiziyada bəzi  parçalar qalıb. Atam həmin tamaşada əlində əsa ilə çıxış edirdi. Deməli, tamaşa vaxtı "teatr lyuku" deyilən boşluğu səhnədə qəsdən açıq qoyub, üstünü xalça ilə örtmüşdülər. Atam səhnədə gəzəndə həmin açıq yerə yıxıldı. Bu hadisə tamaşa vaxtı baş vermişdi, təsəvvür edin. Oranın da, 4 metr dərinliyi var. Atamın ayağı sındı. Fasilədə ona iynə vurdular və tamaşanı çətinliklə oynayıb başa vura bildi. Amma bu günədək o hadisəni kimin etdiyini bilmədik. 

Gülnarə xanım atasını fəxrlə, hörmətlə, böyük sevgi ilə yad edir.  İllər ötüb, ailədə balaca Məlik böyüyür. Nə bilmək olar, bəlkə də balaca Məlik böyük Məlik Dadaşovun sənət yolunu davam etdirəcək. Hər halda bunu zaman göstərəcək...

Son xəbərlər

Orphus sistemi