Yuxarı
    Bağlamaq

    "Sehirli xalat" filminin 50 yaşında aktyorlar kadrarxası məqamlara aydınlıq gətirib

    Filmin 50 illik yubileyində baş rolun ifaçısı iştirak etmədi

    Bakı. 13 noyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan "Sehirli xalat"ın ekranlara çıxmasının 50 illiyi qeyd olundu.

    "Report" xəbər verir ki, Mədəniyyət və Turizm nazirliyinin və Dövlət Film Fondunun təşkilatçılğı ilə baş tutan yubiley tədbirində filmin rejissoru mərhum Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov, İsmayıl Osmanlı, Lütfi Məmmədbəyov kimi sənətkarlar yad edilib. Yubiley gecəsində qeyd olundu ki, filmin rejissoru olmuş Əlisəttar Atakişiyev Azərbaycan kinosunda uşaq filmlərinin rejissoru kimi yadda qalıb. Onun ekranlaşdırdığı "Bir qalanın sirri", "Qərib cinlər diyarında" filmlərinin adı Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılıb.

    "Sehirli xalat"ın 50 yaşını qeyd etməyə filmdə çəkilmiş "keçmiş pionerlər" qonaq gəlmişdilər. Filmdə uşaq rollarının ifaçıları olmuş xalq artisti, tarzən Zamiq Əliyev, Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Almaz Mustafayeva, əməkdar mədəniyyət xadimi Yusif Şeyxov və filmdə Zərifə rolunu ifa edən Solmaz Hətəmova "Sehirli xalat" haqqında danışanda yenidən uşaqlıq illərini yaşadıqlarını dedilər.

    "Sehirli xalat" filmi ilə kino karyerasını başlayan aktrisa Almaz Mustafayeva filmin çəkilməsindən yarım əsrin keçməsinə baxmayaraq, o günləri unutmadığını deyir.

    "Elə bil dünən olub. Balaca qız idim. Mənim kino ilə tanışlığım bu film vasitəsilə oldu. Allah Əlisəttar müəllimə rəhmət eləsin. İlk filmim "Sehirli xalat" oldu. Sənət karyeram elə bu filmlə başlandı. Bu film həyatımda iz qoydu. Artıq 45 ildir sənətdəyəm", A.Mustafayeva bildirib.

    "Sehirli xalat" filmində Zərifə rolunu ifa edən Solmaz Hətəmova bu filmin SSRİ-də çəkilən ilk fantastik film olduğunu vurğuladı: "50 il ötüb, amma indi də bu filmə baxanda keçmiş günlər üçün darıxıram. Uşaqlığım yadıma düşür. Nə yaxşı bu filmə çəkildim. Məni elə bu gün də, Zərifə kimi xatırlayırlar, Zərifə deyib çağıranlar da var".

    Solmaz Hətəmovadan bu filmdən sonra kino sahəsindən uzaqlaşması ilə bağlı suala cavab verərkən bildirib ki, "Sehirli xalat" filminə çəkildikdən sonra sənətə böyük marağı yaranıb: "Mən aktrisa olmaq istəyirdim. Amma, evdən icazə vermədilər. Ona görə də, "Sehirli xalat"da ifa etdiyim Zərifə mənim ilk və son filmim oldu. Mənə film təklifləri çox gəlirdi. Təəssüf ki, ailəm aktrisa olmaq arzumu yarımçıq qoydu. Amma, hər dəfə bu filmə tamaşa edəndə mənə elə gəlir ki, mən bu filmə çəkilməmişəm. Mən bu filmi yaşamışam".

    Yubiley tədbirindən əvvəl Nizami Kino Mərkəzinin foyesində "Sehirli xalat" filminə həsr edilən foto-sərgi nümayiş edildi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi