Yuxarı
    Bağlamaq

    Rusiyanın Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün kurslar təşkil olunacaq

    Kurslara qəbul olunan tələbələrin illik təhsil haqqını Mədəniyyət və Turizm Nazirliyi ödəyəcək

    Bakı. 12 fevral. REPORT.AZ/ Rusiyanın Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı nəzdində Boris Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün xüsusi kurslar təşkil olunacaq.

    Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, artıq bununla bağlı tərəflər arasında müqavilə imzalanıb və tələbə qəbulu keçiriləcək.

    Kursun rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi, psixologiya elmləri namizədi, professor Mixayıl Borisovdur.

    Qəbul əsasən iki ixtisas istiqaməti üzrə aparılacaq. "Dram teatrı və kino artisti" ixtisasına qəbul sayı 15 nəfər olacaq. Bu ixtisasın təhsil müddəti 4 ildir. 5 il təhsil müddəti olan "Teatr rejissorluğu" ixtisasına qəbul sayı isə 5 nəfərdir.

    İnstituta qəbul iyul ayında keçiriləcək. Tələbələri Moskvadan dəvət olunan peşəkar şəxslərdən ibarət xüsusi imtahan komissiyası seçəcək. 

    Qəbul olunan şəxslərin illik təhsil haqqını Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ödəyəcək. Qəbulla bağlı ətraflı məlumat üçün Azərbaycan Teatr Xadimləri İttifaqına müraciət etmək olar.

    Qeyd edək ki, 18 may 2009-cu il tarixli 277 nömrəli sərəncam ilə təsdiq olunan "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrası, Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası, milli teatr sənətinin inkişafının, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənclərin dəstəklənməsi, kadr hazırlığı, əlavə təhsil sisteminin təkmilləşdirilməsi və istedadlı gənclərin xarici dövlətlərdə məqsədli təhsilinə şərait yaradılması üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni layihənin icrasına başlanılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi