Rus Dram Teatrında "Artistin taleyi" əsərinin premyerası olub

Rus Dram Teatrında "Artistin taleyi" əsərinin premyerası olub Tamaşa Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin həyatı və sənət yolundan bəhs edir
İncəsənət
20 May , 2016 22:11
Rus Dram Teatrında Artistin taleyi əsərinin premyerası olub

Bakı. 20 may. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında xalq yazıçısı Elçinin "Artistin taleyi" əsərinin premyerası olub.

"Report" xəbər verir ki, Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin həyatı və sənət yolundan bəhs edən tamaşanın premyerasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, ictimai-siyasi, ədəbi xadimlər, habelə dövlət və hökumət nümayəndələri iştirak edib.

Əsərin Akademik Milli Dram Teatrından sonra rus dilində və Rus Dram Teatrının səhnəsində tamaşaya qoyulmasından məmnunluq ifadə edilib. Qeyd olunub ki, tamaşa Hüseyn Ərəblinskinin taleyindən bəhs edir. Amma ümumilikdə bu əsər Azərbaycan aktyorlarının həyatına həsr edilib. 

Əsərə Rus Dram Teatrının rejissoru, xalq artisti İranə Tağızadə quruluş verib.

O, bu əsəri ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində "Sənətkarın taleyi" adı ilə hazırlayıb. İlk quruluşda baş rolu Rus Dram Teatrının aktyoru əməkdar artist Firdovsi Atakişiyev ifa edib.

Rus Dram Teatrının səhnəsində hazırlanan tamaşada baş rolu - Hüseyn Ərəblinski obrazını yenidən Firdovsi Atakişiyev canlandırıb.

Tamaşanın quruluşçu rejissoru, xalq artisti İranə Tağızadə Elçin Əfəndiyevin əsərinə 4 il əvvəl Akademik Milli Dram Teatrında quruluş verdiyini deyib:

" Akademik Milli Dram Teatrında bu əsərə quruluş verəndə, çox istəyirdim ki, bu tamaşanı Rus Dram Teatrının səhnəsində də, hazırlayım.Tamaşaçıların əsəri həm də rus dilində izləməsini istəyirdim. Tamaşanın bədii tərtibatının səhnə quruluşunun tamaşalar tərəfindən bəyəniləcəyinə ümid edirəm. Hüseyn Ərəblinskinin həyatını əks etdirən tamaşada o dövrün neft Bakısı təsvir edilib".

Yeni tamaşanın səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını əməkdar mədəniyyət işçisi Vladimir Neverov hazırlayıb, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.

Tamaşada əsas rolları xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova oynayır.

Digər obrazları Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov, Yaroslav Trifonov, Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov, Fərid Bəhramov, İbrahim Məmmədov, Boris Brodski, İosif Tkaç ifa edir.

Son xəbərlər

Orphus sistemi