Yuxarı

Respublika rəsm müsabiqəsinin vaxtı uzadılıb

Müsabiqəsinin şərtləri dəyişdirilib

Bakı. 14 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi batal janrında respublika rəsm müsabiqəsinin şərtləri dəyişdirilib. 

Nazirlikdən “Report”a verilən məlumata görə, müsabiqənin vaxtı 2016-cı ilin dekabr ayınadək artırılıb.

Yaşı 20-dən yuxarı olan ali və orta ixtisas təhsilli, peşəkar rəssamlar batal janrında işlənmiş əsərlərini müsabiqəyə təqdim edə bilər.

Müsabiqənin şərtlərinə əsasən, sərgi-müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, Azərbaycan tarixinin şanlı döyüş səhifələri, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini əks etdirməli, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir. Eyni zamanda, rəngkarlıq, qrafika əsərləri sərgi-müsabiqəyə təqdim olunarkən çərçivələnməli, heykəltəraşlıq əsərləri isə bərk materiala köçürülməlidir. 

Münsiflər heyəti tərəfindən seçilmiş əsərlər nazirlik tərəfindən müqavilə yolu alınacaq.

Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərinin mövzusu və ilkin eskizlərini 2016-cı il avqustun 15-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim edə bilər.

Qeyd edək ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında "27 iyul 2015-ci il tarixli əmrinə uyğun olaraq, nazirlik əhalidə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan tarixinin şanlı döyüş səhifələrinin, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini təsviri sənət əsərlərində əks etdirmək məqsədi ilə keçirilir.

Xatırladaq ki, batal - təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr. Bu janrda döyüş səhnələri təsvir olunur, xalqın, millətin, qəhrəmanların, sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi