Yuxarı

Qusar teatrının aktyorları “Arşın mal alan” operettasını nümayiş etdiriblər

Operetta Şahdağ Turizm Mərkəzində təqdim olunub

Bakı.23 mart. REPORT.AZ/ Novruz bayramı münasibətilə Şahdağ” Turizm Mərkəzində dahi Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettası nümayiş etdirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Şahdağ” Turizm Mərkəzinın mətbuat xidməti yayıb.

Bir əsrdən artıq yaşı olan əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak edib. Azərbaycan teatr tarixində xüsusi yeri olan və dahi bəstəkarın ölməz irsinin ən özünəməxsus nümunələrindən biri olan əsər tək yerli deyil, eyni zamanda, xarici turistlərin də marağına səbəb olub, aktyorların çıxışları alqışlarla müşayiət olunub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi Azərbaycan tarixinin və milli ənənələrinin təbliğinə daim diqqət ayıraraq, qonaqların zövqlü istirahətini təşkil etmək, onların bayram tətilini daha maraqlı və yaddaqalan etmək məqsədilə hər il bu qəbildən olan tədbirlər təşkil edib. Ötən mövsümdə turizm mərkəzini ziyarət edən turistlər Mirzə Fətəli Axundovun “Hekayəti-xırs quldurbasan” komediyasını izləmək şansı əldə edib.

Ümumiyyətlə, Novruz bayramı ilə əlaqədar turizm mərkəzində mart ayının 18-dən başlayaraq 26-na kimi davam edəcək çoxçeşidli bayram proqram və şənlikləri hazırlanıb. Qonaqlar təkcə qarlı Şahdağ yamaclarında xizək sürməkdən deyil, eyni zamanda, ənənəvi Novruz personajlarının əyləncəli, kəndirbazların isə cəsarətli çıxışlarından, xizəkçilərin möhtəşəm görüntülü məşəl şousundan həzz alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi