Opera və Balet Teatrı yeni mövsümə “Manon Lesko” ilə başlayacaq

Opera və Balet Teatrı yeni mövsümə “Manon Lesko” ilə başlayacaq Opera ilk dəfə 1893-cü il fevralın 1-də Turində səhnəyə qoyulub
İncəsənət
7 Sentyabr , 2015 19:14
Opera və Balet Teatrı yeni mövsümə “Manon Lesko” ilə başlayacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hərilki ənənəsinə sadiq olaraq Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılarına dünya şöhrətli klassik bəstəkarların yeni tamaşasını təqdim edəcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, teatr Ü.Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 23-də Cakomo Puççininin “Manon Lesko” operasını səhnəyə qoyacaq. Tamaşa konsert ifasında səslənəcək.

“Manon Lesko” Puççini yaradıcılığının ən parlaq nümunələrindən biridir. Opera ilk dəfə 1893-cü il fevralın 1-də Turində (İtaliya) səhnəyə qoyulub. Operanın librettosunu Avropada çox populyar olan Antuan Fransua Prevonun “Kavaler de Qrie və Manon Leskonun məhəbbət tarixçəsi” kitabının motivləri təşkil edir.

Dünya opera sənətinin incilərindən sayılan “Manon Lesko” operası hazırda dünyanın bir çox aparıcı teatrlarının repertuarını bəzəyir.

Opera və Balet Teatrında tamaşanın premyerasında Azərbaycanın əməkdar artisti Afaq Abbasova (Manon Lesko), xalq artisti Samir Cəfərov (Kavaler de Qrie), əməkdar artist Əkrəm Poladov (Qeront), həmçinin, solistlər Anton Ferştandt (Lesko), Əliəhməd İbrahimov (Edmondo) və Atəş Qarayev (Fənərçi) çıxış edəcək.

Qeyd edək ki, tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər Vəfa Əzizova və Roza Səlimovadır.

Son xəbərlər

Orphus sistemi