Yuxarı

Opera və Balet Teatrı Rusiyanın tanınmış baletmeysterini Bakıya dəvət edib

Baletmeyster Bakıda ustad dərsləri keçəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Rusiyanın tanınmış quruluşçu baletmeyster və müəllimi Aleksandra Tixomirovanı Bakıya dəvət edib.

"Report" xəbər verir ki, A.Tixomirova teatrın balet truppasının artistləri üçün ustad dərsləri keçəcək.

Teatrdan bildirilib ki, Bakıya noyabrın 28-dən dekabrın 5-nə kimi baş tutacaq səfəri çərçivəsində A.Tixomirova balet truppasının aparıcı solistləri ilə birlikdə çalışacaq, onların bu və ya digər klassik balet tamaşasında aparıcı partiyaları yüksək professional səviyyədə ifa etməsi üzərində iş aparacaq. 

A.Tixomirova N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası Xoreoqrafiya fakültəsinin məzunudur. O, Mariinski adına Dövlət Opera və Balet Teatrı balet truppasının solisti olub, sonra Sankt-Peterburq Dövlət Konservatoriyası və Sankt-Peterburqun L.Yakobson adına Dövlət Opera və Balet Teatrında məşqçi müəllim kimi çalışıb.

Hazırda isə A.Tixomirova Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi və Belorusun Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteridir.

1997-2012-ci illər ərzində istedadlı xoreoqraf Rusiya, Estoniya, Finlyandiya və Belarusun müxtəlif opera, dramatik və musiqili teatrlarında 60-dan artıq tamaşaya quruluş verib. Bu sırada “Esmeralda” (Estoniya milli operası və Belorus Böyük Teatrında), “Şopeniana” və “Yatmış gözəl” (Samara Opera və Balet Teatrı), “Silfida” və “Jizel” (Belorus Böyük Teatrı), “Messa” (L.Bernstayn) Latviya operasında, “Qraf Monte Kristo”, “Şerlok Xolms” (Raymond Paulsla birgə) və s. baletlərin adını çəkmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi