Yuxarı

"Nabat" filmi beynəlxalq festivalda nümayiş etdirilib

Filmin təqdimatı Palais des Congrès - Salle des Ministres kinoteatrında keçirilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Mərakeş Beynəlxalq Film Festivalında rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı "Nabat" bədii filminin təqdimatı olub.

"Report" xəbər verir ki, bu barədə məlumatı C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının mətbuat xidməti yayıb.

Festivalın müsabiqə proqramında yer alan filmin təqdimatı Palais des Congrès - Salle des Ministres kinoteatrında keçirilib.

Mərakeş Beynəlxalq Film Festivalının açılış mərasimində və filmin nümayişində ekran əsərinin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu və baş rolun ifaçısı Fatemeh Motamed Arya iştirak ediblər. “Nabat” kinotənqidçilər və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycan filminin ilk dəfə yer aldığı Mərakeş Beynəlxalq Film Festivalı dekabrın 13-dək davam edəcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi