Yuxarı

Müslüm Maqomayevin rəsmi saytı fəaliyyətə başlayıb

Sayt görkəmli bəstəkarın 130 illik yubileyinə həsr edilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Sentyabrın 18-i Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim Müslüm Maqomayevin ad günüdür, onun 130 yaşı tamam olur.

"Report" xəbər verir ki, dahi Üzeyir bəylə eyni ildə, eyni gündə doğulan Müslüm Maqomayev (baba) həm də Üzeyir bəyin bacanağı olub. Musiqi yolları Qori Müəllimlər Seminariyasında başlayan Üzeyir bəy və Müslüm Maqomayev sonralar da həm şəxsi, həm də sənət dostluqlarını davam etdiriblər. Bu gün 130 yaşı tamam olan Müslüm Maqomayevin rəsmi saytı fəaliyyətə başlayıb.

Bu barədə "Report"a M.Maqomayevin rəsmi saytının redaktorlarından biri, Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyov məlumat verib.

"Bu sayt 2005-ci ildən fəaliyyət göstərir. Saytı nəvə Müslüm Maqomayev yaradıb. Müslüm Maqomayev özü bu sayta nəzarət edirdi. Həm də dünyanın müxtəlif ölkələrində yaşayan M.Maqomayev sənətinin vurğunları sayta vaxtaşırı olaraq məlumatlar, xəbərlər yerləşdirirdilər. Böyük Müslüm Maqomayev haqda sayt içində sayt yaratmaq fikri nəvə M.Maqomayev dünyasını dəyişəndən sonra alındı. Saytın Amerikada, İsraildə yaşayan redaktorları var. Onlardan biri də mənəm. Belə ideya bizdə on il əvvəl var idi. On il əvvəl böyük Müslüm Maqomayevin 120 illik yubileyi münasibətilə biz bu saytı yaratmaq istədik. Amma bu fikri 130 illik yubileydə həyata keçirə bildik. Sayta xəbərləri, şəkilləri yerləşdirməkdə Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Teatr Muzeyi bizə yaxından kömək olur. Bizə kömək edən hər kəsə Maqomayev saytı adından minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, bu gün yubileyi qeyd edilən Müslüm Maqomayev 1885-ci ildə Rusiyanın Qroznı şəhərində anadan olub. Maqomayev orta təhsilini Qroznı şəhər məktəbində alıb və orada skripka ifa etməyi öyrənib. Təhsilini Qori Müəllimlər Seminariyasında davam etdirən Maqomayev qoboyda ifanı mənimsədikdən sonra seminariya orkestrının solisti olub və həmin orkestrda dirijor kimi çıxış edib. Həmin vaxt Muslüm Azərbaycan xalq musiqisini öyrənməyə başlayır. 1911-ci ildə Bakıya gələn M.Maqomayev Azərbaycan Musiqili Teatrının orkestrının solisti və sonra həmin orkestrın dirijoru olub.

Maqomayevin birinci bəstələdiyi irihəcmli əsər "Şah İsmayıl" operası olub. 1935-ci ildə isə bəstəkar Azərbaycan musiqisində Avropa stilində olan "Nərgiz" operasını yaradır.

"Böyük" Müslüm Maqomayev 1937-ci ildə Rusiyanın Nalçik şəhərində vəfat edib. Hazırda Azərbaycan Dövlət Filarmoniyası onun adını daşıyır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi