Yuxarı
    Bağlamaq

    Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı “Ədibin evi” adlı məkan istifadəyə verilib

    “Ədibin evi”nin yaradılmasında məqsəd buranı mədəniyyət ocağına çevirməklə Mir Cəlal irsini davam etdirməkdir

    Bakı. 27 aprel. REPORT.AZ/ Görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin 1920-1940-cı illərdə İçərişəhərdə yaşadığı məkan “Ədibin evi” adı ilə istifadəyə verilib.

    “Report”un məlumatına görə, açılış mərasimində Mir Cəlal Paşayevin oğlu, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək bu məkanın ailəsi üçün əziz olduğunu bildirib. O deyib ki, “Ədibin evi”nin yaradılmasında məqsəd buranı mədəniyyət ocağına çevirməklə Mir Cəlal irsini davam etdirməkdir.

    Tədbirdə Mir Cəlal Paşayevin tələbələri - akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, Xalq şairi Nəriman Həsənzadə və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər.

    Sonra ədibin böyük oğlu, akademik Arif Paşayev çıxış edərək ailə üzvləri adından görüşə gələnlərə minnətdarlığını bildirib və belə görüşlərin ənənə halını almasını arzuladığını söyləyib.

    Sonda ADA Universiteti ilə Azərbaycan Televiziyasının birgə istehsalı olan Mir Cəlal ömründən bəhs edən film nümayiş olunub.

    Qeyd edək ki, Mir Cəlal Paşayev “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, “Füzuli sənətkarlığı” elmi əsərini, həmçinin bir çox satirik hekayələrini bu evdə yazıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi