Yuxarı
    Bağlamaq

    Memar Rasim Babakişiyev: "Ən böyük ustalıq odur ki, Allah yaratdığı relyefdən istifadə edəsən"

    Bura bizim məmləkətimiz, canımızdır. Ona görə də gözəl olmağını istəyirik

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu günlərdə Bakı şəhərində keçirilən II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibi, tanınmış memar Rasim Babakişiyevin "Report"a müsahibəsi.

    -  Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilmə ideyası necə yarandı?

    - Biz Memarlıq İttifaqı olaraq bir çox müsabiqələrdə iştirak edirik. Bu, özünü sınamaq üçün bir yarışdır. Qonşu Gürcüstanda memarlar bu cür beynəlxalq səviyyəli müsabiqələr keçirirlər və biz də orada iştirak edirik. Dəfələrlə bizim memarlar mükafatlar qazanıblar. Elbay Qasımzadə Memarlar İttifaqına yeni sədr seçiləndə Tiflisə bir yerdə getmişdik və qayıdanda belə bir müsabiqənin Azərbaycanda da keçirməyimizi tapşırdı. Elbay müəllimin bu işlərdə təcrübəsi olduğundan tədbiri çox yüksək səviyyədə keçirdik. Gürcülərin münsiflər heyətində öz memarları təmsil olunur. Bizim müsabiqə onunla fərqlənir ki, müsabiqəmizin münsiflər heyətində dünyada tanınan memarlar vardı. Artıq Bakıda ikinci dəfə belə bir müsabiqə keçirilir.

    - Müsabiqənin keçirilməsinə kimlər dəstək oldu?

    - Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin və Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirildi. Müsabiqənin münsiflər heyətinə sədrliyi Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Vonier edirdi. Münsiflər heyətində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas, Beynəlxalq Memarlar İttifaqının sabiq baş katibi Mişel Barmakin, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidenti Haydar Ali təmsil olunurdu. Çox sanballı münsiflər heyəti idi. Bu da bizim sədrin zəhmətinin bəhrəsi idi.

    Bu dəfə müsabiqəyə 37 ölkədən 200-dən artıq layihə təqdim olunmuşdu.

    Çox ciddi tədbir idi və ancaq güclü işlər qalib gəldi. Müsabiqə 7 nominasiya üzrə keçirilib. Mən "C" kateqoriyasında "Həyata keçirilmiş ən yaxşı interyer" nominasiyası üzrə "İçəri şəhər" Tarix-Memarlıq Qoruğunda interyerlərin ənənəvi halı" layihəsi ilə qalib oldum.

    12 ölkə mükafatçılar sırasına düşdü. Ən çox Portuqaliyadan olan işlər mükafat aldı.

    - Layihənizin fərqli cəhətləri nə idi?

    - Mənim işim İçərişəhərdə yerləşən "Şah Palace" və "Bürc" restoranlarının interyeri ilə bağlı idi. Birinci yer tutacağımı gözləmirdim. Tədbirdən sonra yemək üçün qonaqları "Şah Palace" restoranına aparmışdıq. Münsiflər heyətinin sədri oranı çox bəyəndi və işimə birinci yer verdikləri üçün çox sevinirdilər.

    - Qalib işlərdən hansıların adlarını çəkə bilərsiniz?

    - Qalib işlərdən biri İtaliya memarı Peretti Lauraya məxsus Bakıda şəbəkəli park lahiyəsi ("Shebeke park in Baku") oldu. Maraqlı işlərdən biri idi. İstər ötən, istərsə də bu müsabiqədə maraqlı işlər çox olub. Məsələn, qəbiristanlığın genişləndirilməsi, dənizn içərisində həbsxana layihələri olub ki, həddindən artıq maraq doğurub.

    Onu da qeyd edim ki, dünyada keçirilən bu cür müsabiqələrdə pul mükafatı olmur. Bizdə isə bütün qaliblərə mükafat verildi.

    - Rasim müəllim, işlərinizdə daha çox nələrə diqqət edirsiniz?

    - Memarlıq nümunələrində tariximizi qorumaq şərtdir. Bu məsələyə çox önəm verirəm.

    Bakı şəhərində elə binalar var ki, aparacağı pulun miqdarından asılı olmayaraq, onlar təmir ediləndə olduğu kimi saxlanılmalıdır. Həmin binalar tarix yaşadırlar. Memarlıqda harmoniya vacib şərtdir. Nargin adası ilə bağlı layihənin bir hissəsini mən hazırlamışam. Həmin işin qəbul olunacağına inanıram. Layihənin məndə olan hissəsində tarixiliyi qoruyub saxlamağa çalışmışam. Relyefinə də əl vurmamışam. Ən böyük ustalıq odur ki, Allah yaratdığı relyefdən istifadə edəsən. Bu işləri insan üçün edirik. Başqa ölkələrdən olan memarlar düşünür ki, işin kvadratı çox olsun, çünki layihədə hər kvadratmetrə 50-100 manat pul alır. Ona görə də çox olmasını istəyirlər. Bura bizim məmləkətimiz, canımızdır. Ona görə də gözəl olmağını istəyirik.

    Məsələn, xarici ölkədən gələn memarı hansısa iş görmək üçün İçərişəhərə buraxmaq düzgün deyil. Oradakı işlərlə tariximizi bilən memarlar məşğul olmalıdır. Bu, qızı əcnəbiyə vermək kimidir. Adət-ənənəmizi qorumalıyıq. Mən işlərimdə milliliyi qoruyuram. Bizim milli memarlığımızı çox yaxşı bilən Fəxrəddin Mirallayev var. O, hər işi incəliyinə qədər araşdırır. Miniatürü götürüb analiz edir, incəliklərini tapır və Azərbaycanın tarixini ortaya çıxarır. Mən də bəzi məqamlarda onunla məsləhətləşirəm.

    "Ramada-Plaza", Şəki şəhərindəki "Shaki Palace" da mənim işlərimdi. Bütün işlərimdə Azərbaycanın tarixinə, zəngin mədəniyyətdən doğan nümunələrə yer vermişəm.

    - Niyə Bakıda yeni tikilən binaların layihələrinin hazırlanmasında yerli memarlarımız az iştirak edir?

    - Bakıda müasir binaların çoxunu əcnəbi memarlar layihələndirir. Bizə gəlib çıxmır.

    Paytaxtda çoxlu şüşə binalar tikilir. Bakının iqlim şəraitində bu qədər şüşəli binanın tikilməsi yaxşı deyil. Hava həm isti, həm də çox tozludur. Bu da şüşəli binalarda problemlər yaradır. Şüşəli binaları təmizləmək çox çətindir. Bu cür bina tikənlər onun təmizləmə mexanizmini də verməlidirlər.

    Bizim xarici ölkələrdə layihələr həyata keçirən çox güclü memarlarımız var. Onlar başqa ölkələrdə işləyirlər, sonra Azərbaycana dönürlər. Amma işlədikləri yerlərlə daim əlaqələri olur. Ölkəmizdə memarlarımız haqqında məlumat çox azdır. Yerli layihələr üçün xarici memarlara üç qat artıq pul ödəyirlər. Nəticədə bizimkilər burada iş tapa bilmir. Xaricə üz tuturlar, balaca işlərə əl atırlar. Birinci müsabiqəmizə 300-ə yaxın iş təqdim olunmuşdu ki, onun yarısı Azərbaycan memarlarının işi idi. Bu müsabiqədə isə yerli işlər 40-a yaxın idi. Bu da onu göstərir ki, Azərbaycanda kifayət qədər sanballı memarlar var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi