Yuxarı

“Medeya. Sekvensiya 001” tamaşasının premyerası keçirilib

Səhnə əsərinin məğzi ölümə görə yaşamağa, sevgiyə görə gözləməyə dəyər üzərində qurulub

Bakı. 8 iyul. REPORT.AZ/ YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşasının premyerası keçirilib.

"Report" xəbər verir ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.
Apokrifik etiraf janrında hazırlanan səhnə əsərində Yuğ Teatrının aktyorları - əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edir. 

Tamaşa bütün ömrü boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisanın, teatrın iş günü olmayan vaxtında, boş teatrda öz arzusunu gerçəkləşdirmək üçün göstərdiyi cəhdən bəhs edir. 

Səhnə əsəri Medeyanı oynamağa cəhd eləyən iki aktrisa arasında olan dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra. “Medeya. Sekvensiya 001” – aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

1 saat 15 dəqiqəlik tamaşanın məğzi "ölümə görə yaşamağa, sevgiyə görə gözləməyə dəyər" ideyası üzərində qurulub. 

Tamaşanın növbəti nümayişi iyulun 13-də olacaq.

Qeyd edək ki, YUĞ Dövlət Teatrı 28-ci teatr mövsümünü iyulun 14-də "Rindi-şeyda" tamaşası ilə başa vuracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi