Nazir Əbülfəs Qarayev tərif şeirinə görə şair Vaqif Bəhmənliyə töhmət verib, Rəşad Məcidə irad bildirib

Nazir Əbülfəs Qarayev tərif şeirinə görə şair Vaqif Bəhmənliyə töhmət verib, Rəşad Məcidə irad bildirib Nazir bu yazının bir daha üzə çıxarılmaması və heç bir yerdə dərc edilməməsini tapşırıb
İncəsənət
28 Oktyabr , 2015 16:45
Nazir Əbülfəs Qarayev tərif şeirinə görə şair Vaqif Bəhmənliyə töhmət verib, Rəşad Məcidə irad bildirib

"Bu şeir təxminən 5-6 ay əvvəl Vaqif Quliyev tərəfindən yazılıb və görüşlərin birində nazirə göstərilib. Lakin nazir Əbülfəs Qarayev şeirdə işlənən ifadələrdən o qədər də razı qalmayıb, edilən təriflərə öz iradını bildirib və bu yazının bir daha üzə çıxarılmamasını və heç bir yerdə dərc edilməməsini tapşırıb"

Bakı. 28 oktyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi tərifləyən şeir yazan şair Vaqif Bəhmənliyə töhmət verilib. 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, "525-ci qəzet"in 17 oktyabr 2015-ci il tarixli sayında Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri şair Vaqif Quliyevin (Bəhmənli) şeirləri dərc edilib: "Həmin şeirlərdən biri - "Hamiya yaxşılıq" adlı şeir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə həsr olunub. Şeir qəzetdə dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilib və ictimaiyyət tərəfindən müxtəlif səpkili münasibət bildirilib.

Qeyd etmək istəyirik ki, bu şeir təxminən 5-6 ay əvvəl Vaqif Quliyev tərəfindən yazılıb və görüşlərin birində nazirə göstərilib. Lakin nazir Əbülfəs Qarayev şeirdə işlənən ifadələrdən o qədər də razı qalmayıb, edilən təriflərə öz iradını bildirib və bu yazının bir daha üzə çıxarılmamasını və heç bir yerdə dərc edilməməsini tapşırıb.

Lakin hadisənin üzərindən xeyli müddət keçdikdən sonra Vaqif Quliyevin Gənc Tamaşaçılar Teatrında keçirilən 60 illik yubiley mərasimi ərəfəsində şairin şeirlər toplusu ilə birlikdə bu şeir dərc edilib və yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif müzakirələrə, bəzən qərəzli və emosional münasibətlərə səbəb olub". 

Məlumatda qeyd olunub ki, bu hadisə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən pislənilib, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə əlaqə yaradılaraq bu üslubda şeirin qəzetdə dərc olunmasına dair irad bildirilib: "Ümumilikdə, son günlər kütləvi informasiya vasitələrinin geniş müzakirəsinə səbəb olmuş bu fakt dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun gəlməyən hal kimi dəyərləndirilib və nazirliyin əməkdaşının rəhbər şəxsə qarşı öz fikirlərini bu formada - yaradılcılıq nümunəsi vasitəsilə bildirməsi qəbuledilməz hal kimi dəyərləndirilir.

Bu hadisə - Vaqif Quliyevin dövlət qulluqçusu kimi öz vəzifələrinə uyğun gəlməyən bu yaradıcılıq nümunəsini çap etdirməsi pislənib və bir daha təkrarlanmaması tapşırılıb.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin 28 oktyabr 2015-ci il tarixli əmri ilə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə töhmət elan olunub". 

Son xəbərlər

Orphus sistemi