Macarıstan səfiri Musiqili Teatrda olub

Macarıstan səfiri Musiqili Teatrda olub Görüşdə iki ölkənin teatrları arasında qarşılıqlı əməkdaşlığın mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb
İncəsənət
25 Yanvar , 2017 12:37
Macarıstan səfiri Musiqili Teatrda olub

Bakı. 25 yanvar. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri İmre Laslotski Musiqili Teatrda olub.

Teatrdan "Report"a verilən məlumata görə, görüşdə iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub.

Musiqili Teatrın direktoru Əliqismət Lalayev bildirib ki, rəhbərlik etdiyi teatrda çağdaş dünya teatrlarında gedən bütün proseslər diqqətlə izlənilir: "Bu yaxınlarda teatrımızda böyük macar bəstəkarı, bir sıra məşhur operettaların müəllifi İmre Kalmanın “Silva” operettasının premyerası oldu. Səfirliyinizin əməkdaşlarının da iştirak etdiyi bu premyera anşlaqla keçdi və tamaşaçıların böyük çoşqusuna səbəb oldu. Buna qədər də İmre Kalmanın bir neçə əsəri teatrımızda uğurla səhnələşdirilib. 2015-ci il aprelin 5-də Budapeşt Operetta Teatrının qala konserti məhz bizim teatrda keçirilib. Həmin konserti hələ də xoş təəssüratlarla xatırlayırıq. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız arasındakı mədəni əlaqələr bundan sonra daha da inkişaf edəcək”.

Səfir İmre Laslotski isə öz növbəsində deyib ki, Musiqili Teatrın əzəmətli görkəmi var: "Elə ilk baxışdan hiss olunur ki, burada yaradılmış şərait və peşəkar yaradıcı münasibət çox yüksək səviyyədədir. Əminəm ki, Macarıstan-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və bu əlaqələrin inkişafında çox mühüm rol oynayacaq".

Görüşdə iki ölkənin teatrları arasında qarşılıqlı əməkdaşlığın xalqlar arasındakı mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malik olduğu və bu cür görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd edilib.     

Son xəbərlər

Orphus sistemi