Kinorejissorun 70 illik yubileyi keçiriləcək

Kinorejissorun 70 illik yubileyi keçiriləcək Dövlət Film Fondunda Nicat Feyzullayevin xatirə gecəsi olacaq
İncəsənət
3 Noyabr , 2015 13:24
Kinorejissorun 70 illik yubileyi keçiriləcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 6-da Dövlət Film Fondunda Azərbaycanın tanınmış kinorejissoru, mərhum Nicat Feyzullayevin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

"Report" xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə reallaşacaq.

Xatirə gecəsində Nicat Feyzullayevin çəkdiyi filmlərdən parçalar nümayiş etdiriləcək, dostları, yaxınları onun barəsində ürək sözlərini deyəcəklər.

Qeyd edək ki, N.Feyzullayev 1945-ci il noyabrın 11-də Bakıda Azərbaycanın görkəmli rəssamları - əməkdar incəsənət xadimləri Lətif Feyzullayevin və Vəcihə Səmədovanın ailəsində dünyaya gəlib.

Nicat Feyzullayev 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləyib. “Axırıncı aşırım” (1971), “Qızıl qaz” (1972) bədii filmlərində rejissor assistenti kimi çalışıb. Sonra isə bir necə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifi olub. 1978-ci ildə “Arvadım mənim, uşaqlarım mənim” kino almanaxında quruluş verdiyi “Toy” novellası rejissorun diplom işidir. Nicat Feyzullayevin çəkdiyi “Küçələrə su səpmişəm” tammetrajlı filmi rejissorun ən uğurlu işlərindəndir.

O, 2015-ci il mayın 4-də dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi