Kinorejissor: "Çəkdiyim film marta qədər nümayiş etdirilməsə, onu "youtube"da yerləşdirəcəm"

Kinorejissor: "Çəkdiyim film marta qədər nümayiş etdirilməsə, onu "youtube"da yerləşdirəcəm" "Kino sahəsində elə məmurlar fəaliyyət göstərir ki, onlara kinonun sayı və büdcəsi lazımdır"
İncəsənət
14 Yanvar , 2015 17:45
Kinorejissor: Çəkdiyim film marta qədər nümayiş etdirilməsə, onu youtubeda yerləşdirəcəm

Bakı. 14 yanvar. REPORT.AZ/ Əməkdar incəsənət xadimi, kinorejissor Fikrət Əliyev Azərbaycan kinosunun hazırkı vəziyyətindən gileylənib.

O, "Report"a açıqlamasında bildirib ki, son illər az da olsa kinolar çəkilməsinə baxmayaraq, onun kimi rejissorlara yeni filmlər verilmir: "Ötən il "Axırıncı dayanacaq" filminin təqdimatı keçirildi. Uzun illərdir film çəkmirdim. "Axırıncı dayanacaq" uzun illərdən sonra çəkdiyim film oldu. Bir dəfə nümayiş etdirillməsinə baxmayaraq, tamaşaçılar filmdən razı qalıblar. Tənqidi tərəflər də olub. Amma bir dəfə filmi nümayiş etdirməklə nəticə əldə etmək olmaz. Əslində mən sağlam tənqidin tərəfdarıyam. İstəyirəm filmin müzakirəsi olsun. Həm müsbət, həm də mənfi tərəfləri peşəkarlar tərəfindən müzakirə edilsin. Televiziyada filmlərimiz təbliğ edilsin. Başqa cür Azərbaycan kinosunun əvvəlki şöhrətini qaytarmaq olmayacaq. İndikilərə kino lazım deyil. Mən bunu qorxmadan deyirəm. Kino sahəsində elə məmurlar fəaliyyət göstərir ki, onlara kinonun sayı və büdcəsi lazımdır. Kinonun özü, mahiyyəti heç kimi düşündürmür. Kino incəsənətin şah damarıdır. Bunu anlamaq istəmirlər. Bizim nəslin rejissorlarına film çəkməyə imkan vermirlər. Deyirlər qocalmısız. Elə bil kinostudiya daş karxanasıdır. Qocalanda nə olar ki? Qoca rejissor film çəkə bilməz?"

F.Əliyev 2009-cu ildə "Ölüm növbəsi" adlı film çəkdiyini deyərək, həmin kinonun taleyinin uğursuz olduğunu söyləyib: "O filmi bir dəfə nümayiş etdirdilər, vəssəlam onunla da bitdi. "Axırıncı dayanacaq" filminin taleyinin belə olmasını istəmirəm. Ona görə də filmi mart ayına qədər kinoteatrlarda nümayiş etdirməsələr, məcbur olub "youtube"da yerləşdirəcəm". 

Qeyd edək ki, F.Əliyev "Yuxu" filminin rejissorudur. Gənclik illərində "Dəli Kür" filmində Şamxal rolunu ifa edib. 

Son xəbərlər

Orphus sistemi