Kaliforniyada amerikalı fotoqrafın Bakıya həsr olunan fotosərgisi açılıb

Kaliforniyada amerikalı fotoqrafın Bakıya həsr olunan fotosərgisi açılıb "Bakı San Dieqolu fotoqrafın gözü ilə" sərgisi mayın sonuna qədər davam edəcək
İncəsənət
10 May , 2017 11:25
Kaliforniyada amerikalı fotoqrafın Bakıya həsr olunan fotosərgisi açılıb

Bakı. 10 may. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Nik Agelidis adlı amerikalı peşəkar fotoqrafın Bakıya həsr olunan sərgisi açılıb. 

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, fotoqrafın Bakıya səfəri diplomatik missiyanın təşəbbüsü və Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyilə həyata keçirilib.

"Bakı San Dieqolu fotoqrafın gözü ilə" sərgisi San Diqeonun tanınmış sənət mərkəzlərindən olan “Meyer İncəsənət” qalereyasında açılıb.

Fotosərgi may ayının sonuna qədər davam edəcək. Kolleksiyada Bakının memarlıq inciləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Qız Qalası, “Atəş Qüllələri” kompleksi, həmçinin, tarixi-mədəni abidələri əks olunub. Eyni zamanda, kolleksiyada Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz bayramının Bakıda yaratdığı xoş ovqatı əks etdirən fotolara da yer verilib. Fotoqraf N.Agelidisin Bakıya səfərinin Novruz bayramı günləri ilə üst-üstə düşməsi, fotoqrafa milli bayramla bağlı gözoxşayan kadrları foto-kameranın yaddaşına köçürməyə imkan verib.

Sərginin açılış mərasimində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edib. Onlar Bakı şəhərinin əsrarəngiz gözəlliyini, rəngarəngliyini və müxtəlifliyini əks etdirən belə bir foto-sərginin keçirilməsinə görə fotoqraf N.Agelidisə, eləcə də qalereya sahiblərinə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, 2011-ci ildə Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu arasında "qardaşlaşmış şəhər" olmaqla bağlı sənəd imzalanıb. 

Son xəbərlər

Orphus sistemi