Yuxarı

II Şəki Beynəlxalq Teatr Festivalında iştirak edəcək yerli və xarici teatrların adları açıqlanıb

Festivalda Azərbaycanın 5 teatrı və 6 xarici dövləti təmsil edən teatrlar çıxış edəcək

Bakı. 24 avqust. REPORT.AZ/ II Şəki Beynəlxalq Teatr Festivalında iştirak edəcək yerli və xarici teatrların adları açıqlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sentyabrın 15-dən 24-dək davam edəcək festivala Azərbaycanın 5 teatrı qatılacaq. 

Bunlar Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrıdır. 

Eyni zamanda, tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) teatrları da çıxış edəcək. 

Festivalın bəzi tamaşaları Bakıda və Mingəçevirdə nümayiş olunacaq. Bundan başqa, tədbir çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı keçiriləcək. Eyni zamanda, mərasimdə Şəki Dövlət Dram Teatrının foyesində səyyar sənət sərgisi nümayiş olunacaq.

Qeyd edək ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq.

Xatırladaq ki, I Şəki Beynəlxalq Teatr Festivalı 2014-cü ilin sentyabrında keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi