Yuxarı

“İstintaq”ın “Seyfi”sinin 75 yaşı tamam olur

“İstintaq”ın “Seyfi”sinin 75 yaşı tamam olur
O, teatr səhnələri və filmlərdə bir-birindən maraqlı rollar oynayıb

Bakı. 25 may. REPORT.AZ/ Mayın 25-də keçmiş SSRİ-nin məşhur aktyoru Aleksandr Kalyaginin anadan olmasının 75-ci ildönümüdür.

“Report” xəbər verir ki, o, 1942-ci il mayın 25-də Rusiyanın Kirov vilayətinin Malmıj rayonunda anadan olub.

O, teatr səhnələri və filmlərdə bir-birindən maraqlı rollar oynayıb. Azərbaycan kinosevərləri A.Kalyagini “İstintaq” filmindən də tanıyırlar. Filmin rejissoru Rasim Ocaqov, ssenari müəllifi Rüstəm İbrahimbəyov, operatoru Rafiq Qəmbərov, rəssamı Fikrət Bağırov, bəstəkarı Emin Sabitoğlu, səs operatoru Vladimir Savin, montaj rejissoru Gülşən Səlimovadır.

Aleksandr Kalyagin filmdə Seyfi rolunu oynayıb.

Qeyd edək Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev “İstintaq” barədə bunları bildirmişdi: “Bu filmə bir neçə dəfə baxılmış və hər dəfə də narazılıqlara səbəb olmuşdur. Buna görə də mən filmə baxmaq üçün kollektiv baxış təşkil etdim. Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin-korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, onlar (Rüstəm İbrahimbəyovla Rasim Ocaqov - nəzərdə tutulur) bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və "İstintaq" filmi böyük şöhrət qazandı”.

Azərbaycanın xalq artisti rəhmətlik Səməndər Rzayev Azərbaycan dilində Seyfi rolunu səsləndirib. 86 dəqiqəlik film 1979-cu ildə geniş ekranlara çıxıb.

Xatırladaq ki, Alkesandr Kalyagin hazırda təşəbbüsü ilə yaradılan “Et Cetera” özəl tearının bədii rəhbəridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi