Yuxarı

"Humay" mükafatının qalibləri məlum olub

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin təsis etdiyi mükafat 25-ci dəfə qaliblərinə təqdim edilib

Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 24-də “Humay” Milli Mükafatının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan mükafat 25-ci dəfə qaliblərinə təqdim olunub.

Bu dəfə "Humay" heykəlciyi teatr, kino, ədəbiyyat, musiqi, təsviri sənət, jurnalistika, televiziya və idman sahəsindən olan tanınmış insanlara verilib.

Teatr nominasiyasında “Kafkadan salam” və “Fəna” tamaşalarında yaratdığı obrazlara görə Yuğ Dövlət Teatrının aktyoru Qasım Nağıyev, kino nominasiyasında “Nabat” tammetrajlı bədii filminə görə rejissor Elçin Musaoğlu, ədəbiyyat nominasiyasında “Paradoks” adlı əsərinə görə İlham Bədəlbəyli, musiqi nominasiyasında opera-simfonik ifaçılığı və pedaqoji fəaliyyətinə görə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev və “Qaya” adlı ömür” kitabına görə Rauf Babayev və Nazim Məmmədov “Humay” mükafatına layiq görülüb. 

Təsviri incəsənət sahəsində “Daş” adlı fərdi sərgisinə görə Hüseyn Haqverdiyə, 2014-cü ilin sərbəst güləş üzrə dünya çempionu Hacı Əliyevə, Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrə görə Nadejda İsmayılovaya, Azərbaycan televiziyasının inkişafına verdiyi töhvələrə görə teleoperator Aydın Mansurova və abunəçilərə göstərilən yüksək və keyfiyyətli xidmətinə görə “AG Telekom” MMC-KATV1” kabel televiziyasına mükafatlar təqdim edilib.

Qeyd edək ki, 25-ci dəfə təqdim edilən Humay" mükafatını “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti təsis edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi