Yuxarı

Heydər Əliyev Mərkəzində müasir incəsənətin ən bahalı rəssamının əsəri nümayiş olunur

Yayoi Kusama al-əlvan rəsmləri, heykəltəraşlıq nümunələri, “xallı” kollaj və installyasiyaları ilə tanınır

Bakı. 04 aprel. REPORT.AZ/ Rəssam, "pop-art"ın əfsanəsi Yayoi Kusamanın "Sabahın çiçəkləyən gülləri" (Flowers that Blossom Tomorrow,2012) əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş olunur. Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Xanım Kusama al-əlvan rəsmləri, heykəltəraşlıq nümunələri, “xallı” kollaj və installyasiyaları ilə tanınır. "Xal" Kusama markasının simvoluna çevrilib və rəssam bu seriyada geyimlər, aksesuarlar istehsal edib. O, ekstravaqant nümunələri ilə fərqlənən "Kusama Fashion" şirkətini yaradıb.

Həmçinin yazıçı-şairə olan Yayoi Kusama sürrealist və fantastik əsərlərin müəllifidir. О, kino sahəsində də çalışıb.

Rəssamın “Abstraksiya N2” (1959-cu il) əsəri Kristis (Christie’s) hərracında 5 794 500 ABŞ dollarına satılıb və bununla da o, müasir incəsənətin ən bahalı rəssamı kimi tanınıb.

Kusama bu günədək 50 mindən çox əsər yaradıb. 2014-cü ilin statistik nəticələrinə görə, 86 yaşlı Yayoi Kusama dünyada sərgiləri daha çox izlənilən rəssamdır. Onun rəsmləri, heykəl və installyasiyaları təkcə Cənubi və Mərkəzi Amerikada 2 milyondan çox ziyarətçinin marağına səbəb olub.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş etdirilən "Sabahın çiçəkləyən gülləri" (Flowers that Blossom Tomorrow) Azərbaycanda ilk dəfə təqdim olunur. Mərkəzə gələn ziyarətçilər rəssamın bu məşhur əsəri ilə tanış ola bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi