Yuxarı

Görkəmli bəstəkar Zakir Bağırovun xatirəsi yad edilib

Zakir Bağırovun 100 illik yubileyidir

Bakı. 16 mart. REPORT.AZ/ Martın 16-da görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, professor Zakir Bağırovun anadan olmasının 100 iliyi münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təmsilçiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri sənətkarın məzarını ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Bəstəkarın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül-çiçək dəstələri qoyulub.

Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova Zakir Bağırov haqqında xatirələrini bölüşüb. Bildirilib ki, Azərbaycan milli musiqi mədəniyyətinin zənginləşməsində onun özünəməxsus yeri var.

Zakir Bağırov müxtəlif janrlara müraciət edərək musiqi xəzinəmizi zənginləşdirən əsərlər yazıb. Onun yaradıcılıq irsinə “Aygün”, “Qoca Xattabıç” operaları, “Qaynana”, “Kəndimizin səsi” operettaları, uşaq baleti, fortepiano ilə simfonik orkestr, tar ilə simfonik orkestr, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, film və tamaşalara yazılmış musiqilər daxildir. Zakir Bağırovun istedadı xüsusilə “Qaynana” musiqili komediyasında öz parlaq təcəssümünü tapıb.

Bəstəkarın oğlu Elşad Bağırov çıxış edərək atasının xatirəsinə, sənət irsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Zakir Cavad oğlu Bağırov 1916-cı il martın 16-da Şuşa şəhərində anadan olub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində alıb, 1935-ci ildə Moskva Dövlət Konservatoriyası nəzdində musiqi texnikumuna göndərilib və orada təhsil alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. Cəbhədən tərxis olunduqdan sonra Moskva Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olub və 1949-cu ildə konservatoriyanı müvəffəqiyyətlə bitirib.

Zakir Bağırovun bəstəkarlıq fəaliyyəti ilə yanaşı, musiqi folklorumuzun toplanması və nota salınması sahəsində mühüm xidmətləri olub. O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah-zabul” muğamlarını nota yazıb və çap etdirib.
Bəstəkarın 1972-ci ildə Səməd Vurğunun eyniadlı əsəri əsasında yaratdığı “Aygün” operası musiqi mədəniyyətimizin gözəl nümunələrindəndir.

Zakir Bağırov bir sıra teatr tamaşalarına və filmlərə musiqi yazıb. “Aygün” bədii, “Bərəkətli torpaq”, “Sədaqət yolu ilə”, “Təbiətin dostları”, “Bizim Azərbaycan” və s. sənədli filmlərin musiqisi ona məxsusdur. O, 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, həmçinin təşkilatın idarə heyətinin üzvü olub, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Respublika Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri, Azərbaycan Musiqi Fondunun idarə heyətinin sədri vəzifələrində çalışıb. Musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib.

O, 1996-cı ildə dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi