Yuxarı
    Bağlamaq

    Gənc Tamaşaçılar Teatrının aktyoru mükafatlandırılıb

    Əməkdar artist Rahib Əliyevin  70 illik yubileyidir

    Bakı. 2 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Rahib Əliyevi mükafatlandırıb.

    Nazirlikdən "Report"a verilən məlumata görə, aktyor mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 70 illiyi münasibətilə təltif olunub.  

    Qeyd edək ki, Rahib Seyidağa oğlu Əliyev 1945-ci il iyulun 12-də Bakı şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunub və bu günədək fasiləsiz olaraq həmin teatrda çalışır. Teatrın səhnəsində 70-dən artıq müxtəlif səpkili obraz yaradan aktyor tamaşaçı rəğbəti qazanıb.

    Cəbi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Aşıq ("Yolda", Hüseyn Arif), Mirzə Salman ("Mahmud və Məryəm", Elçin), Hərbi geyimli ("Mənim ağ göyərçinim" Tamara Vəliyeva), Molla Xudaverdi, Kərəmli ("Hacı Qara", Mirzə Fətəli Axundzsadə), Fərəcov ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Ancelo ("Səhvlər komediyası", Vilyam Şekspir) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

    Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə  əməkdar artist fəxri adına, 2014-cü ildə Prezident mükafatına layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi