“Gəmiçilik 160-il” təsviri incəsənət sərgisi keçirilib

“Gəmiçilik 160-il” təsviri incəsənət sərgisi keçirilib Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində təsviri incəsənət müsabiqəsi keçirilib.
İncəsənət
1 Oktyabr , 2018 22:07
“Gəmiçilik 160-il” təsviri incəsənət sərgisi keçirilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində təsviri incəsənət müsabiqəsi keçirilib.

"Report" xəbər verir ki, Muzey Mərkəzinin Sərgi Qalereyasında baş tutan açılış mərasimində 100-dən çox təsviri incəsənət (rəngkarlıq, qrafika, heykəltəraşlıq) əsəri yer alıb.

Bu işlər “Gəmiçilik – 160 il”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularını əks etdirir. Belə ki, təsviri incəsənət nümunələrində Xəzər dənizçilərinin çətin və spesifik əməyi, ölkəmizdə gəmiçiliyin inkişafı, Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi, Xəzərin əlverişli su yolu olması, zəngin təbii sərvəti, gözəl mənzərələri, biomüxtəlifliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdə və beynəlxalq sulardakı fəaliyyəti, dənizçilik sahəsində xüsusi əməyi olan nüfuzlu şəxsiyyətlər kimi müxtəlif mövzular təsvir olunub.

Sərgi oktyabrın 7-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi çərçivəsində keçirdiyi təsviri incəsənət müsabiqəsinə böyük maraq olub. Respublikamızın ayrı-ayrı şəhər və rayonlarından, xarici ölkələrdən, ümumilikdə 100-dən çox əsər təqdim edilib. Onlardan 89-u şərtlərə uyğun gələrək müsabiqədə iştirak hüququ qazanıb.

Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün əsərləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) rektoru, xalq rəssamı Ömər Eldarov, ADRA-nın prorektoru, xalq rəssamı Fuad Salayev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Səlhab Məmmədov, xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri Xanlar Əhmədov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, ARİ-nin qrafika bölməsinin sədri, əməkdar rəssam Həmzə Abdullayev, AXDG QSC-nin sədr müavini Fərhad Quliyev və AXDG QSC-nin departament rəisi, əməkdar jurnalist Mehman Mehdiyev ən yaxşı əsərləri müəyyən ediblər.

Həmin əsərlər AXDG QSC-nin rəsmi "facebook" səhifəsi üzərindən sentyabrın 1-dən 15-nə kimi açıq səsverməyə də çıxarılıb və “Facebook” səsverməsinin qalibləri də müəyyənləşib.

Onu da əlavə edək ki, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət nəfis tərtibatda kataloq çap olunub. 

Son xəbərlər

Orphus sistemi