Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi qeyd olunub

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi qeyd olunub Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət və ictimayyət nümayəndələri iştirak edib
İncəsənət
22 Dekabr , 2015 22:09
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi qeyd olunub

Bakı. 22 dekabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət və ictimayyət nümayəndələri iştirak edib.

Əbülfəs Qarayev əvvəlcə Beynəlxalq Muğam Mərkəzinin foyesində uşaq kitablarında ibarət sərgi ilə tanış olub.

Yubiley tədbirində kitabxananın yarandığı vaxtdan bu günə qədər fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə kitabxana sisteminin inkişafı sahəsində həyata keçirilən dövlət proqramlarından danışıb.

Prezident İlham Əliyevin ölkəmizdə kitabxana sisteminin inkişaf etdirilməsi üçün imzaladığı dövlət proqramlarının icrası kitabxana işinin yeni mərhələyə qədəm qoymasına səbəb olduğunu deyib.

Nazir vurğulayıb ki, son dövrlər informasiya texnologiyalarının inkişafı ilə əlaqədar kitaba marağın azalmasına baxmayaraq ölkəmizdə uşaq kitablarına xüsusi maraq var: “Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri də kitabxana sisteminin işini müasir tələblər səviyyəsinə çatdırmaqdır. Bunun üçün ölkəmizdə elektron kitabxana sisteminin inkişafı üçün müvafiq addımlar da atılır. Bu il bizə uşaq kitablarının nəşr olunması üçün çox müraciətlər olub. Bunu nəzərə alaraq gələn il nəşr edəcəyimiz kitabların sırasında uşaq ədəbiyyatına daha çox üstünlük verəcəyik”.

Əbülfəs Qarayev Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının fəaliyyətindən danışaraq Azərbaycanda kiçik yaşlı oxucuların maarifləndirilməsində kitabxananın əhəmiyyəti olduqca böyükdür:

“Bu gün ölkə əhalisinin maarifləndirilməsində xüsusi ənənələri formalaşan bir kitabxananın 50 illik yubileyini qeyd edirik. Bu kitabxana öz işini günün müasir tələbləri səviyyəsində qurmağa nail olub. Biz uşaqlarımızın gələcəyini təmin etmək üçün onlara kiçik yaşlarından kitaba marağı oyatmalıyıq. Ölkəmizdə bu şərəfli işi həyata keçirən kitabxanalardan biri də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasıdır”.

Nazir kitabxana işçilərini təbrik edərək onlara gələcək işlərində uğurlar arzu etdi.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək kitabxananın fəaliyyətini yüksək qiymətləndirdi. Dost, qardaş Azərbaycan xalqını qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi.

Sonda kitabxana işində səmərəli fəaliyyətinə görə və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibəti ilə bir qrup kitabxana işçisinə nazirliyin fəxri fərmanı və pul mükafatı təqdim olunub.

Almaz Əşrəfova və Dürdanə Mazanova nazirliyinin fəxri döş nişanı ilə təltif olunub.

Tədbir daha sonra konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, Kitabxana 1965-ci il yanvarın 1-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Maksim Qorki adına kitabxana fondunun bazası əsasında yaradılıb. 12 sentyabr 1967-ci il tarixdən kitabxana Azərbaycan uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, ədəbi dilimizin saflığı uğrunda daim mübarizə aparmış ədəbiyyatşünas, pedaqoq, maarifpərvər Firidun bəy Köçərlinin adını daşıyır.

Yarandığı illərdən başlayaraq kitabxananın zəngin metodik nəşrlər fondu yaradılıb. Fondda uşaqlara kitabxana xidmətinin bütün nəzəri, metodik və təcrübi nailiyyətlərini və qabaqcıl təcrübəni əks etdirən ədəbiyyat toplanılıb. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası müstəqillik illərində mühüm inkişaf yolu keçib, bir çox dünya kitabxanaları ilə əlaqələr yaradılıb, onların iş təcrübələrindən istifadə etməklə uşaqlara kitabxana xidmətində ən müasir metod və formalar tətbiq olunur. Kitabxana 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür, qurumun sərgi və konqreslərində iştirak edir. Şuraya üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçılarını, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatındakı problemlərə yönəltmək, uşaq ədəbiyyatı sahəsində olan yenilikləri tətbiq etmək, balaca oxucuları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Kitabxana tərəfindən gənc nəslin hərtərəfli inkişaf etməsi və kamilləşməsi, uşaqlarda vətənpərvərlik hisslərinin daha da güclənməsi, təhsilə marağın artırılması məqsədilə “Göy qurşağı” adlı uşaq jurnalı təsis edilib. Hazırda kitabxananın fondu 250 min nüsxəyə yaxındır. Kitabxananın 8 şöbəsi, 4 bölməsi, 2 oxu zalı var, 3 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi