Yuxarı

Fəxrəddin Manafov 4 illik fasilədən sonra səhnəyə çıxıb

Xalq artisti Kazanova: sevgi dərsləri tamaşasında baş rolu canlandırıb

Bakı. 25 aprel. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşasının premyerası olub.

"Report" xəbər verir ki, xalq artisti Fəxrəddin Manafovun 4 illik fasilədən sonra yenidən səhnəyə çıxıb.

Tamaşada Kazanova obrazını canlandıran F.Manafov səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb. İlk dəfədir tamaşadan əvvəl müsahibə verdiyini deyən xalq artisti vurğulayıb ki, onun üçün harada səhnəyə çıxmağın heç bir fərqi yoxdur: "Rus Dram Teatrının, yoxsa bizim sevimli Akademik Milli Dram Teatrının və ya Musiqili Komediya Teatrının səhnəsinə - heç fərqi yoxdur. Mən Moskvada Modern Teatrında da çıxış etmişəm. Hər dəfə səhnəyə çıxanda özünü çox məsuliyyətli, həyəcanlı hiss edirsən. Çünki qarşında tamaşaçı əyləşir, isti nəfəs duyursan. Artıq 4 ildən çox idi səhnəyə çıxmırdım. Aradakı uzun fasilədən sonra yenidən tamaşaçılarla təmasda olmaq xoşdur. Tamaşanın yaxşı keçəcəyinə ümid edirəm. İnşallah hər şey yaxşı olacaq. Onu da deyim ki, tamaşada mənimlə birgə istedadlı aktyorlar çıxış edir. Onların arasında gənc aktyorlar çoxdur. İnanıram ki, mənim bu teatrın səhnəsindəki qədəmlərim uğurlu olacaq".

Tamaşada Anna Bobberman rolunu ifa edən gənc aktrisa Yeganə Hüseynli F.Manafovla eyni səhnəni bölüşməkdən zövq aldığını deyib: "Tamaşamız məhəbbət haqqındadır. Sevginin insan həyatını necə dəyişməsindən danışır. Fəxr edirəm ki, teatrımızın gözəl sənətkarları ilə yenidən eyni səhnəni bölüşürəm. Fəxrəddin Manafovla tərəf müqabili olmaq çox xoşdur".

"Kazanova: sevgi dərsləri" əsərinin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Rejissor İlqar Safat Kazanova obrazını məxsusi olaraq F.Manafova təqdim etdiyini bildirib: "Mən bu əsəri oxuyanda gözümün önündə Fəxrəddin Manafovu canlandırdım. Bu rol məxsusi ona təqdim edilib. Tamaşada maraqlı aktyor ansamblı var. Mən rejissor olaraq çox danışmaq istəmirəm. Əsas fikri tamaşaçılar deyəcək".

Səhnə əsərində digər obrazları xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev, Murad Məmmədov, Yeganə Hüseynli, İbrahim Əhmədov, Zaur İsgəndərov, Rüfət Nəzərov, Boris Brodski, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fatimə Əliyeva və Zümrüd Əliyeva canlandırıb. 

Tamaşanın premyerasında tanınmış mədəniyyət və incəsənət xadimləri və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.

"Kazanova: sevgi dərsləri" tamaşasının növbəti nümayişi aprelin 30-da olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi