Yuxarı

Dərbənddəki Azərbaycan Dövlər Dram Teatrı yeni binada yeni tamaşalar hazırlamaq arzusundadır

Dərbənd Azərbaycan Dövlər Dram Teatrının baş rejissoru teatrda olan yeniliklərdən danışıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiyanın Dərbənd şəhərinin mədəni həyatında böyük rol oynayan Azərbaycan Dövlət Dram Teatrının fəaliyyətində yeni mərhələ başlayıb.

Dərbənd Azərbaycan Dövlət Dram Teatrına yeni baş rejissor təyin edilən Ərtoğrul Kamalov "Report"a açıqlamasında teatrın kollektivinin yaradıcılıq həvəsindən, sənətə yanaşmasından danışıb:  "Teatra yeni təyinat alsam da, buradakı kollektivin yaradıcılığa olan həvəsi, işə yanaşması yeni tamaşaların quruluşuna ciddi təkan verir. Bakıda çalışdığım müddətdə bir çox əsər və pyeslərə quruluş vermişəm. Bura təyin ediləndə ilk vaxtlar binanın tam yararsız olmasına görə çarəsizlikdən Ləzgi Dram Teatrında tamaşalar göstərirdik. Amma məşqlər məhz bu yararsız binada həyata keçirilir. Xaraba qalmış binanın kənardan görüntüsü teatr kollektivinin iş əzmini sındırmır, əksinə, yeni binanın onlara təhvil verilməsi ruhunu yaşadır". 

Onun sözlərinə görə, teatr kollektivində 24 aktyor və aktrisa fəaliyyət göstərir: "Kollektivdə gənc aktyor və aktrisalar da yeni fəaliyyətə başlayıb. Bu yaxınlarda Dərbənd şəhərinin 2000 illik yubileyində "Qala" daxilində mədəni quruluşda kollektiv Azərbaycan toy mədəniyyətinə aid "Xınayaxdı" mərasimini qonaqlara nümayiş etdirdi. Teatrımızın gələcəkdə uğurlu fəaliyyətinə inanırıq". 

Xatırladaq ki, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı yeni teatr mövsümündə maraqlı tamaşalar hazırlayır. Yaxın vaxtlarda teatr binasının təmir-bərpa işlərinə başlanılacaq. XIX əsrin sonu XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə isə dövlət teatrı statusu alıb. 1944-cü ildə səhnə pərdələrini müvəqqəti bağlasa da, 1994-cü ildə teatrın qapıları yenidən tamaşaçıların üzünə açılıb.

Dərbənd şəhərinin əhalisinin çoxluğunu təşkil edən azərbaycanlılar mədəni xalqın nümayəndəsi olmalarını hər bir zaman hiss elətdirib. Dərbənddə təkcə Azərbaycan Dövlət Dram Teatrı deyil, eynilə digər kiçik xalqların mədəniyyət klubları və teatrları da fəaliyyət göstərir.

Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binası bugünkü tələblərə uyğun olmayaraq acı taleyini yaşayır. Sovet hakimiyyətinin dağıldığı dövrdən teatr binasının baxımsız qalması, onun zədəli və yarı uçuq vəziyyətə düşməsi kollektivinin əlini işdən soyudur.

Xatırladaq ki, bu il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam verib. Sərəncam hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmaması, təchizatın müasir tələblərə cavab verməməsi nəzərə alınaraq imzalanıb. Sənədə əsasən, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundanMədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Dərbənd Teatrının yeni binasının yeni layihə üzrə tikilməsi qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi