Yuxarı

“CinemaPlus” Gəncə sakinləri üçün “Əli və Nino” filminə hədiyyəli bilet aksiyası keçirir

Aksiya noyabrın 1-dək davam edəcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində yerləşən “CinemaPlus-Khamsa" “Əli və Nino” filminə hədiyyəli bilet aksiyası keçirir.

“Report”un məlumatına görə, film kinoteatrda Azərbaycan dilində nümayiş olunacaq.

Aksiya noyabrın 1-dək davam edəcək. Hədiyyəli bilet qazananlar həftənin bazar ertəsindən cümə axşamınadək kinoteatrda filmə baxa bilərlər. Hədiyyə biletlərindən dövlət qulluqçuları (müəllimlər, həkimlər və s.), hərbçilər, tələbələr (təsdiq üçün tələbə biletinin olması vacibdir), 50 yaşdan yuxarı tamaşaçılar və məhdud fiziki imkanlı insanlar yararlana biləcəklər. 

Qeyd edək ki, “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi "Akademi Avard" mükafatı laureatı Kristofer Hemptondur.

Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbətindən bəhs edir. Ekran əsəri 2015-ci ildə çəkilib. Çəkilişlər Bakıda tarixi İçərişəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar çəkiliblər.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi