Yuxarı

Parlament sədri Çin və Azərbaycan xalçaçılarının əməkdaşlıq etməsini istəyir

Çin və Azərbaycan xalçaçılarının əməkdaşlığı

Azərbaycanda səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Mədəniyyət Nazirliyindən "Report"a bildirilib ki, muzeylə tanışlıq zamanı Mədəniyyət naziri Əbülfəs Qarayev və muzeyin direktoru Şirin Məlikova qonaqlara Azərbaycanda qədim xalçaçılıq ənənələri haqqında ətraflı məlumat veriblər.

Xovlu və xovsuz xalçalar, xalça məmulatları, xüsusilə məfrəş və çul, dəvəli şəddə qonaqların böyük marağına səbəb olub. Ekspozisiya ilə tanış olarkən qonaqlar canlı olaraq toxuculuq prosesini izləyib, toxucularla söhbət ediblər.

Muzeylə tanışlıqdan sonra Li Canşu muzeyin xatirə kitabında öz təəssüratlarını qeyd edib.

Fəxri qonağa Azərbaycan Milli Xalça Muzeyinin 50 illik fəaliyyətinə həsr olunmuş kitab və xalça hədiyyə edilib. Xalça muzeyin Ənənəvi texnologiya şöbəsində toxunub. Özündə xovlu və xovsuz texnikalarını birləşdirən nümunədə dəvə karvanı əks olunub. Bu da İpək Yolu mövzusunu əks etdirir.

Li Canşu təşəkkürünü bildirərək muzeylə tanışlıqdan çox məmnun olduğunu deyib. Çin Xalq Respublikası nümayəndə heyətinin başçısı milli irsin qorunması, zəngin kolleksiyaların toplanması, qədim xalça sənətinin bu gün də yaşadılması və gələcək nəsillərə çatdırılması işinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmasını məmnunluqla qeyd edib. O, gələcəkdə iki ölkənin xalça və tikmə sənətkarları arasında təcrübə mübadiləsinin aparılması və ustad dərslərinin keçirilməsini təklif edib, mədəniyyətlərimizin təbliği sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi